Yanvarın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş “Milli birlik və vətənpərvərlik simvolu” adlı anım tədbiri keçirilib.
Bu barədə “Tehsil365"ə universitetdən məlumat verilib.
Tədbirdə filialın əməkdaşları və tələbələr iştirak ediblər.
Faciə qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan filialın direktoru dosent Vurğun Məmmədov qeyd edib ki, qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar faciəsi çağdaş tariximizin qəhrəmanlıq və qürur səhifəsi, həmçinin xalqımıza qarşı sovet imperiya rejimi tərəfindən törədilmiş ağır hərbi-siyasi cinayətdir. Çoxsaylı insan tələfatına səbəb olmuş bu cinayət sovet imperiyasının süqutuna gətirib çıxarmaqla yanaşı, həm də bütün keçmiş sovet respublikaların da suverenliyinə yol açıb. Bildirilib ki, milli məfkurənin, istiqlal ideyalarının gerçəkləşməsində müstəsna rol oynamış 20 Yanvar faciəsi sovet imperiyasının milli və dini ayrı-seçkiliyinə qarşı xalqın qəzəb və nifrətinin alovlandığı gün kimi tarixə düşüb.
Anım tədbirində filialın kafedra müdiri professor Firədun İbrahimov və Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərrəmov “Sovet imperiyasıınn çöküsünə aparan milli faciə” və “20 yanvar milli məfkurə və müstəqillik yolunda dönüş anıdır” mövzularında çıxış ediblər.

