Azərbaycan Dillər Universitetinin (ADU) Qərb və Şərq ölkələri üzrə Regionşünaslıq kafedralarının müəllimləri 16 yanvar 2026-cı il tarixində Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunmuş beynəlxalq konfransda iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, beynəlxalq konfrans “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusuna həsr olunub. Tədbirdə Hindistanda 1984-cü ildə siqhlərə qarşı törədilmiş kütləvi zorakılıqlar, eləcə də bu hadisələrlə bağlı onilliklər boyu davam edən cəzasızlıq mühiti geniş şəkildə müzakirə edilib, milli və dini azlıqların hüquqlarının qorunması məsələləri diqqət mərkəzində saxlanılıb.
Konfransda ADU-nun Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimləri dosent Bəhmən Əliyev, Ülviyyə Yaşarlı və Aygün Seyidova, Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimləri isə dosent Rəna Rəcəbli, Şəhla Xələfova, Aysel Kərimova, Şəfəq Mustafayeva, Nailə Məmmədova, Kəmalə Qurbanlı, Aygün Soltanzadə və Nigar Dünyamalılı iştirak ediblər.
Konfransın yekununda Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Nailə Məmmədova çıxışı ilə fəallıq nümayiş etdirib. O, Azərbaycanda 30-dan çox etnik qrupun yaşadığını, xristianlıq, islam və yəhudilik kimi müxtəlif dinlərə sitayiş edən vətəndaşların ölkəmizdə sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadıqlarını vurğulayıb. Bu faktların Azərbaycanın multikultural və tolerant dövlət olduğunu açıq şəkildə sübut etdiyini bildirib.
Nailə Məmmədova çıxışında Cənub-Şərqi Asiyada yerləşən İndoneziya nümunəsini də diqqətə çatdırıb. O qeyd edib ki, 286 milyon əhalisi olan bu ölkədə 330 etnos, 1340 etnik qrup mövcuddur və əhali 6-dan çox dinə etiqad edir. Buna baxmayaraq, İndoneziyada müxtəliflik vahid cəmiyyət modeli çərçivəsində harmonik şəkildə qorunur.
Bu nümunələrə əsaslanan müəllim Hindistanın öz ərazisində yaşayan bütün etnik və dini qrupları niyə eyni şəkildə qucaqlaya bilmədiyi ilə bağlı sual ünvanlayıb. Sual Hindistanın Siqh Federasiyasının üzvü tərəfindən cavablandırılıb.

