19 yanvar 2026-cı il tarixində Astara şəhəri Şıxəli Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
“Tehsil365” xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olundu.
Çıxış edən müəllimlər və şagirdlər 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilmiş bu qanlı hadisənin tarixi əhəmiyyətindən danışaraq, şəhidlərin göstərdiyi qəhrəmanlığın gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu vurğuladılar. Qeyd olundu ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda iradəsinin sarsılmazlığını bir daha nümayiş etdirdi.
Tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatdı.

