20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda ödədiyi ağır, lakin şərəfli mübarizənin rəmzidir.
"Tehsil365" xəbər verir ki, Bu tarix milli yaddaşımızda həm dərin kədər, həm də qürur günü kimi yaşayır. Astara şəhəri Ziya Bünyadov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş “Qan yaddaşı” adlı anım tədbiri təşkil edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Anım tədbiri zamanı məktəbin təşkilatçısı Nuranə müəllimə 20 Yanvar hadisələrinin canlı şahidi kimi həmin günlərin ağrısını, xalqımızın yaşadığı sarsıntını və eyni zamanda milli ruhun oyanışını şagirdlərlə bölüşüb. Daha sonra Azərbaycan dili və ədəbiyyatı müəllimi R. İsmayılova 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verərək, bu hadisələrin ədəbiyyatımızda necə əks olunduğunu, yazıçı və şairlərimizin yaradıcılığında hansı ideya-bədii çalarlarla təqdim edildiyini şagirdlərin diqqətinə çatdırıb.
Tədbirdə şagirdlər mövzu ilə bağlı topladıqları məlumatları təqdim edib, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər. Anım tədbirinin sonunda isə faciəni əks etdirən “Qanlı Yanvar” filmi nümayiş etdirilib.
Keçirilən tədbir şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsində, 20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsində mühüm əhəmiyyət daşıyıb. 20 Yanvar şəhidlərinin xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.

