İsgəndər Məmmədov adına Qımır kənd tam orta ümumtəhsil məktəbində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
"Tehsil365" xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Məktəbin müəllim və şagird kollektivi 1990-cı il yanvarın 20-də xalqımızın azadlıq və müstəqillik uğrunda göstərdiyi qəhrəmanlıqdan, bu faciənin Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs ediblər.
Çıxışlarda vurğulanıb ki, 20 Yanvar faciəsi xalqımızın iradəsini sındıra bilməmiş, əksinə, müstəqillik yolunda milli birliyi daha da gücləndirmişdir. Bildirilib ki, bu tarixi günün gənc nəsilə düzgün və dolğun şəkildə çatdırılması, şəhidlərin xatirəsinin daim uca tutulması hər bir azərbaycanlının borcudur.
Tədbir çərçivəsində şagirdlər tərəfindən 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib və mövzu ilə bağlı hazırlanmış divar qəzetləri və guşələr təqdim olunub.
Sonda şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı qeyd edilib.

