Şotlandiyanın Strathclyde Universitetində texniki və təhlükəsizlik işçiləri də daxil olmaqla 400-dən çox əməkdaş mümkün iş ixtisarlarına qarşı tətilə çıxıb-çıxmamaq məsələsini səsverməyə çıxarıb.
"Tehsil365" xəbər verir ki, Səsvermə fevral ayına qədər davam edəcək.
Həmkarlar ittifaqı Unite universitet rəhbərliyini işçilərə hörmətsizlikdə ittiham edir. İttifaqın bildirdiyinə görə, universitet həmkarlar ittifaqları ilə lazımi məsləhətləşmələr aparmayıb və məcburi işdənçıxarmaları istisna etməyib. Unite bu yanaşmanın işçilər arasında narahatlıq və etimadsızlıq yaratdığını vurğulayır.
Universitet isə ötən ay açıqlamasında maliyyə qənaəti məqsədilə təxminən 80 iş yerinin ixtisarını planlaşdırdığını, bununla da 35 milyon funt sterlinqə qədər vəsaitə qənaət etməyi hədəflədiyini bildirib.
Tətilə dair qərar səsvermənin nəticələrindən asılı olacaq. Həmkarlar ittifaqı işçilərin hüquqlarının qorunması və məcburi ixtisarların qarşısının alınması üçün danışıqların bərpa olunmasına çağırır. Universitet rəhbərliyinin isə məsələyə münasibəti və mümkün addımları diqqətlə izlənir.

