Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə “Tehsil365"ə ADMİU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə universitetin tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova 20 Yanvar hadisələri haqqında geniş məlumat verib, bu faciənin xalqımızın milli qürur səhifəsi olduğunu vurğulayıb.
Universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru dosent Sədaqət Əliyeva 36 il öncə özünün də şahidi və iştirakçısı olduğu o günləri xatırlayıb, xalqımızın öz azadlığı, müstəqilliyi uğrunda zaman-zaman bu cür ağır sınaqlarla üz-üzə qaldığını bildirib. ADMİU-nun da 20 Yanvar faciəsində şəhid verdiyini xatırladan S.Əliyeva məzun şəhid Azər Ələkbərovun hər zaman xatirələrdə yaşadığını və universitet rəhbərliyi, kollektivi tərəfindən ehtiramla yad edildiyini deyib.
Sosial-mədəni fəaliyyət kafedrasının müəllimi, ADMİU-nun Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin sədri Lalə Məcidova çıxışında həm faciəmiz, həm də qürur mənbəyimiz olan 20 Yanvar tarixinin gənclərimiz tərəfindən heç zaman unudulmayacağını bildirib.
Tədbirdə ADMİU-nun tələbələri Valeh Kərimov, Məmməd Hacıyev, Aysel Muradova, Zəhra Abülkadirova və Sübhan Azadi çıxış ediblər.

