Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən Türkiyə, Fransa, İtaliya və Avstriyada 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil edilib.
“Tehsil365” xəbər verir ki, keçirilən tədbirlər çərçivəsində 20 Yanvar faciəsinin tarixi mahiyyəti, milli azadlıq mübarizəsindəki rolu və beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyi diqqət mərkəzində olub.
Türkiyənin Yalova şəhərində Gənclər Fondunun dəstəyi, ASAP və Yalova Universitetinin Türk Dünyası Klubu ilə əməkdaşlıq çərçivəsində panel müzakirəsi və foto-sərgi keçirilib. Tədbirdə Türkiyədə təhsil alan azərbaycanlı gənclərə 1990-cı ilin yanvarında SSRİ qoşunlarının Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərdən bəhs olunub. Qeyd edilib ki, 20 Yanvar hadisələri Azərbaycanın milli kimliyinin formalaşmasında mühüm rol oynayıb və milli azadlıq hərəkatının zirvəsi kimi tarixə düşüb. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev hadisələrdən dərhal sonra həyatını təhlükəyə ataraq sovet rəhbərliyini açıq şəkildə ittiham edib və bu faciəyə ilk siyasi qiyməti verib. Daha sonra iştirakçılar Qanlı Yanvara həsr olunmuş foto-sərgi ilə tanış olublar.
Avstriyanın Vyana şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikasının Avstriya və Sloveniya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi illər keçməsinə baxmayaraq öz tarixi mahiyyətini itirmir. O, 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Zəfərin həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisasının alınması olduğunu vurğulayıb. Tədbir çərçivəsində Avstriyada təhsil alan azərbaycanlı gənclərlə faciənin tarixi əhəmiyyəti və beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi müzakirə edilib.
20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş növbəti tədbir Fransanın Paris şəhərində baş tutub. Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva çıxışında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrinin Bakıda və Azərbaycanın digər şəhərlərində dinc əhaliyə qarşı törətdiyi qətliamdan danışıb. O bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan tarixinin həm faciəvi, həm də qəhrəmanlıq səhifəsidir və bu hadisələr xalqımızın müstəqillik əzmini daha da gücləndirib. Tədbir zamanı Fransada yaşayan azərbaycanlı gənclərlə 20 Yanvar həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyi müzakirə olunub.
Keçirilən tədbirlərin əsas məqsədi 20 Yanvar faciəsinin tarixi həqiqətlərinin xarici ölkələrdə yaşayan gənclərə və beynəlxalq ictimaiyyətə çatdırılması, şəhidlərin xatirəsinin yad edilməsi olub.

