Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş silsilə anım tədbirləri təşkil olunub.
“Tehsil365" xəbər verir ki, tədbirlər 20 Yanvar faciəsində canlarından keçmiş şəhidlərin əziz xatirəsini anmaq məqsədilə Şəhidlər Xiyabanına təşkil olunan yürüşlə başlayıb. Yürüşdə gənclər təşkilatlarının rəhbər və nümayəndələri, eləcə də Tələbə Gənclər Təşkilatlarının üzvləri iştirak ediblər. İştirakçılar ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. “Əbədi məşəl” abidəsinin önünə və şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.
Anım tədbirləri çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, NAYORA və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “20 Yanvar: Tarix, Yaddaş və Milli Şüur” mövzusunda panel müzakirəsi də keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.
Panel müzakirəsində çıxış edən NAYORA-nın sədri Rafael Hacıbəyli və digər natiqlər 20 Yanvar hadisələrinin Azərbaycan xalqının mübarizlik ruhunun və azadlıq iradəsinin parlaq nümunəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, bu faciə yalnız qanlı bir səhifə deyil, eyni zamanda milli oyanış və müstəqillik yolunda dönüş nöqtəsidir. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin faciədən dərhal sonra sovet rəhbərliyinin məsuliyyətini açıq şəkildə bəyan etməsi 20 Yanvar hadisələrinə verilən ilk siyasi-hüquqi qiymət kimi tarixə düşüb.
Çıxışlarda, həmçinin 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 20 Yanvar və Qarabağ şəhidlərinin qanının yerdə qalmadığını bir daha sübut etdiyi diqqətə çatdırılıb.
Müzakirələr zamanı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən qətliamın xalqımızın müstəqillik əzmini sarsıda bilmədiyi xüsusi vurğulanıb.
Qeyd edək ki, tədbirlərin keçirilməsində əsas məqsəd 20 Yanvar faciəsinin tarixi və siyasi əhəmiyyətinin gənclər arasında daha geniş təbliği, şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi, gənc nəslin milli-mənəvi dəyərlərə və vətənpərvərlik ruhuna bağlılığının gücləndirilməsidir.

