AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru, professor Almaz Həsənqızının “Folklorşünaslığa giriş” kitabı işıq üzü görüb. Dərs vəsaitinin ilk nəşri 2015-ci ildə oxucuların ixtiyarına verilib.
Bu barədə “Tehsil365"ə institutdan məlumat verilib. Bildirilib ki, ötən müddət ərzində müəllif əsər üzərində ciddi şəkildə işləyib, onu təkmilləşdirib. Bəzi fəsillər (“Folklor və fəlsəfə”, “Folklor və məntiq”) əlavə edərək əsəri yeni elmi qaynaqlarla zənginləşdirib.
Son illərdə ali və orta məktəblərdə yeni tədris üsullarından istifadə zamanı, innovativ metodların tətbiqi prosesində fənlərarası əlaqələrin genişləndirilməsi, multidisiplinar təhlilin vacibliyi məsələsinə xüsusi diqqət yetirilməkdədir. Məhz bu amil nəzərə alınaraq, indiyədək yazılan dərsliklərdə ötəri şəkildə bəhs olunan bir məsələ – folklorun digər elmlərlə əlaqəsi problemi kitabda fərqli şəkildə qoyulub, daha ətraflı şərh edilib. Burada folklorun mifologiya, yazılı ədəbiyyat, dilçilik, tarix, coğrafiya, din, pedaqogika, psixologiya, riyaziyyat, musiqi, təbabət, kulinariya və s. ilə bağlılığı problemi mətnlərə istinad edilməklə araşdırılıb.
Kitabda mövzu ilə bağlı ən mühüm nəzəri mənbələrə istinad olunub, Türkiyədə, Azərbaycanın Güneyində və mühacirətdə folklorla bağlı yaranan tədqiqatlara xüsusi yer verilib.
“Folklorşünaslığa giriş” kitabı ali məktəblərin humanitar fakültələrinin tələbələri üçün nəzərdə tutulub. Eyni zamanda, əsərdən folklorla bağlı araşdırma aparan tədqiqatçılar, həmin fənni tədris edən mütəxəssislər də istifadə edə bilərlər.
Qeyd edək ki, AMEA Folklor İnstitutunun dəstəyi və Bakı Qızlar Universiteti Elmi şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, rəyçiləri filologiya elmləri doktorları, professorlar Cəlil Qəriboğlu və Ülkər Nəbiyevadır.

