Kimya İnstitutunun Nanoelektrokimya və Hidrogen enerjisi laboratoriyasının müdiri professor Akif Əliyevin xarici həmkarları ilə birlikdə “Web of Science” və “Scopus” beynəlxalq indeksləşmə bazalarına daxil olan Q1 kateqoriyalı “International Journal of Hydrogen energy” jurnalında “Yaşıl hidrogen enerjisi perspektivləri: Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı” adlı məqaləsi dərc olunub.
İnstitutdan “Tehsil365"ə bildirilib ki, məqalədə XXI əsrin enerji keçidi kontekstində Gürcüstanda yaşıl hidrogenin inkişaf potensialı və onun Azərbaycanla enerji əməkdaşlığındakı strateji əhəmiyyəti, xüsusən də iqlim dəyişikliyi və ətraf mühit problemlərinin enerji idxalından asılılığın azaldılmasını və bərpaolunan enerjinin inkişafının sürətləndirilməsi araşdırılır. Burada yaşıl hidrogen istehsalı üçün innovativ materialların və metodların bərpaolunan enerji mənbələrinin məkan xəritələşdirilməsi və elektrokimyəvi tədqiqatlar vasitəsilə necə istifadə edilə biləcəyi müzakirə olunur.
Məqalədə beynəlxalq təşkilatların son enerji siyasəti sənədləri nəzərdən keçirilir və təhlil edilir, innovativ və inteqrasiya olunmuş enerji modelləri təklif olunur. Həmçinin Gürcüstan və Azərbaycanın yaşıl enerjinin genişlənməsini sürətləndirmək üçün lazımi şəraitə malik olduğu nümayiş etdirilir.

