22 yanvar 1893-cü ildə Lənkəran qəzasının Rəzgov kəndində anadan olmuş Böyükağa Mirsalayev Azərbaycanın ictimai-siyasi tarixində mühüm yer tutan talış əsilli maarifçi və dövlət xadimi kimi tanınır.
"Tehsil365" xəbər verir ki, Onun fəaliyyəti XX əsrin 20–30-cu illərində respublikanın ictimai-siyasi həyatında baş verən proseslərlə sıx bağlı olub.
Böyükağa Mirsalayev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyində fəal iştirak edib. O, Zaqafqaziya KP(b) MK-nın II katibi vəzifəsində işləyib, 1925-ci ildə Azərbaycan Kommunist Partiyasının Qazax Qəza Komitəsinin, 1927-ci ildə isə Nuxa Qəza Komitəsinin birinci katibi olub.
1929-cu ildə Azərittifaqın Rəyasət Heyətinə sədrlik edən Mirsalayev, 1930-cu ildə Lənkəran dairə İcraiyyə Komitəsinin sədri kimi fəaliyyətini davam etdirib. Onun maarifçilik fəaliyyəti və təşkilatçılıq bacarığı bölgələrdə sosial-iqtisadi və mədəni inkişafın sürətlənməsinə təsir göstərib.
Böyükağa Mirsalayevin həyatı 8 yanvar 1938-ci ildə faciəli şəkildə yarımçıq qalıb. Buna baxmayaraq, o, Azərbaycanın siyasi tarixində iz qoymuş şəxsiyyətlərdən biri kimi xatırlanır və fəaliyyəti bu gün də tədqiqatçıların diqqət mərkəzindədir.

