Yanvarın 19-da Nizami Kino Mərkəzinin Böyük zalında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor və prodüser Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” adlı qısametrajlı tarixi-sənədli filminin premyerası keçirilib.
"Tehsil365" xəbər verir ki, Film Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən 2023-cü ildə keçirilmiş “Dövlət sifarişi və dəstəyi ilə istehsal olunan film layihələrinə dəstək müsabiqəsi”nin qalibi olub. Ekran işi Film Rental Azərbaycan MMC tərəfindən istehsal edilib.
Filmin ssenari müəllifi və rejissoru Türkan Hüseyn, prodüseri isə Emil Nəcəfovdur. Filmdə istifadə olunan animasiya hissələri Harmony of Chaos studiyasında hazırlanıb.
Animasiya ilə arxiv materiallarının hibrid işlənməsi formasında ərsəyə gətirilən “Kapitan və Xəzər dənizi” filmi 1990-cı il 20 Yanvar gecəsi baş verən ümumxalq faciəsinə həsr olunub. Ekran əsəri həmin gecə Xəzər Dəniz Neft Donanmasının kapitanlarının, eləcə də həyatlarını riskə ataraq tarixi hadisələri lentə alan jurnalist və operatorların göstərdiyi qəhrəmanlıq, peşəkarlıq və vətəndaşlıq mövqeyindən bəhs edir.
Tarixi faktlara əsaslanan film milli yaddaşın qorunması, 20 Yanvar həqiqətlərinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır və premyera iştirakçıları tərəfindən maraqla qarşılanıb.

