Naxçıvan Dövlət Universitetinin kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Naxçıvan şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət edib. Ziyarət zamanı Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib, məzarları önünə gül dəstələri düzülüb.
“Tehsil365” xəbər verir ki, 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində mühüm tarixi mərhələ olduğu vurğulanıb. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı qırğın nəticəsində yüzlərlə günahsız insan şəhid olub, minlərlə vətəndaş yaralanıb və itkin düşüb. Bu faciə xalqımızın milli iradəsini, birliyini və müstəqillik əzmini daha da möhkəmləndirib.

