“Yeni “Təhsil haqqında” Qanunun hazırlanması və müzakirəyə çıxarılması yaz sessiyasının əsas prioritetlərindən biri olmalıdır”.
“Tehsil365” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, mövcud qanunvericilik təhsil sistemində baş verən sürətli dəyişiklikləri tam əks etdirmədiyindən yeni qanun konseptual xarakter daşımalı və sistemli islahatlar üçün hüquqi baza formalaşdırmalıdır: “Xüsusilə elmi dərəcələrin verilməsi sahəsində mövcud ikipilləli müdafiə sisteminin (fəlsəfə doktoru və elmlər doktoru) beynəlxalq təcrübəyə uyğun olmamasını nəzərə alaraq, bu mexanizmin mərhələli şəkildə ləğv edilməsi və vahid doktorluq dərəcəsi modelinə keçid edilməsi məsələsinə baxılmasını məqsədəuyğun hesab edirəm.
30 ildən çoxdur ki, Avropa təhsil sistemini qəbul etmişik, bakalavr və magistr təhsil pillələrini tətbiq etmişik. Amma bununla yanaşı, sovet təhsil sisteminin qalığı olan ikipilləli müdafiə sistemini də saxlamışıq. Bu 30 ildən artıq bir müddətdə bir dənə magistr dissertasiyası ortada yoxdur ki, kitab kimi çap olunsun, o kitaba və ya dissertasiyaya hansısa istinad olunsun. Magistrın yazdığı dissertasiya elmə hansısa bir töhfə vermirsə, o zaman sual olunur, bu dissertasiya nə üçün yazılır?
Hazırda əsas etibarilə vaxt itkisini xatırladan magistratura mərhələsini hazırkı fəlsəfə doktoru hazırlığı üzrə doktorantura səviyyəsində gücləndirməyi, hazırkı fəlsəfə doktoru hazırlığı üzrə doktoranturanı da elmlər doktoru hazırlığı üzrə doktorantura səviyyəsində gücləndirməyi və beləliklə, ikimərhələli doktoranturanı birmərhələli doktorantura ilə əvəz etməyi və bununla da elm və təhsil sistemimizi beynəlxalq təcrübəyə uyğunlaşdırmağı təklif edirəm”.
İclasda çıxış edən deputat Fariz İsmayılzadə isə bəzi universitetlərdə bəzi ixtisasların bazarın tələblərinə uyğun gəlmədiyini açıqlayıb: “Texnologiyalar, ətraf mühit dəyişir. Yeni qlobal tendensiyalar var. Biz nə qədər sürətlə bu tendensiyalara uyğunlaşa bilirik və nə qədər sürətlə yeni ixtisaslar aça bilirik? Bəlkə, hansısa sahələrdə universitetlərə daha çox muxtariyyət vermək olar ki, onlar daha çevik formada ixtisaslar aça bilsinlər. Düşünürəm ki, bu məsələni Elm və Təhsil Nazirliyi ilə birgə müzakirə etməliyik”.

