Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı çıxışından və tapşırıqlarından sonra ana dili ilə əlaqədar müxtəlif addımlar atılır. Sosial şəbəkələrdən tutmuş elektron və çap mediasında, o cümlədən televiziyada bu yöndə aktivlik özünü göstərir.
“Tehsil365”in məlumatına görə, ingilis dili müəllimi Leyla Şahin maraqlı yanaşması ilə diqqət çəkib.
O bildirib ki, yeni bir dildə ilişib qaldığımız bir çox məqamın səbəbi əslində öz dilimizdəki boşluqlardır: "Tələbələrimin çətinlik çəkdiyi qaydaları analiz edərkən, öz dilimizdə də onları yaxşı qavramadığını çox müşahidə etmişəm.
Düşünürük ki, "Azərbaycan dilini onsuz da bilirəm, bu mənim ana dilimdir". Amma xarici dildə bir cümlə qurmağa çalışanda beynimiz dərhal müqayisəyə başlayır. Əgər siz ana dilinizdə cümlənin strukturunu, sözlərin bir-biri ilə necə bağlandığını şüuraltı yox, şüurlu şəkildə dərk edirsinizsə, ingilis, alman və ya fransız dilində həmin o "aha!" anını daha tez yaşayırsınız".
Mütəxəssisin müşahidələrinə əsasən, ana dilinin qrammatik məntiqini bilmək, sanki bir xəritəyə sahib olmaqdır. Digər dillər isə sadəcə həmin xəritədəki fərqli yollardır: "Öz dilində özünü ifadə etmək bacarığı yüksək olan adam, başqa dildə də həmin "dərinliyi" axtarır və daha keyfiyyətli öyrənir. Öz dilinin incəliklərini bilən insan, başqa dildə səhv edəndə bunun sadəcə "struktur fərqi" olduğunu anlayır və özünə qarşı daha səbirli olur".
L.Şahinin sözlərinə görə, ana dilində kitab oxumaq insanın öz dilində fərqindəliyini artırır: "Və bu da sonralar öyrənəcəyiniz istənilən əcnəbi dil üçün sağlam və güclü təməl yaradır. Məncə, yeni bir dil öyrənmək həm də öz ana dilinə yenidən, daha heyranlıqla baxmaq üçün bir bəhanədir".

