Bakı Ali Neft Məktəbi (BANM) Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” siyahısında ali məktəblər arasında məzunlarının məşğulluğunun orta göstəricilərinə görə ilk pillədədir.
BANM-dən “Tehsil365"ə bildirilib ki, reytinq 2018-2022-ci illəri əhatə edir. Reytinqdə məzunların əmək bazarına inteqrasiyası, eləcə də işlə təmin olunma səviyyəsi əsas meyar kimi götürülüb.
Bakı Ali Neft Məktəbi əmək bazarının tələblərinə cavab verən, yüksəkixtisaslı kadrlar hazırlayır. Hazırda BANM məzunları SOCAR və onun müəssisələrində, transmilli korporasiyalarda, yerli və beynəlxalq şirkətlərdə, eləcə də dövlət qurumlarında uğurla fəaliyyət göstərirlər. Bununla yanaşı, məzunların bir qismi dünyanın nüfuzlu ali təhsil müəssisələrində magistratura və doktorantura səviyyələrində təhsillərini davam etdirirlər.

