“Yüksəliş” müsabiqəsinin qaliblərinin fərdi və dünyagörüşü inkişafına yönəlmiş inkişaf təşəbbüsləri 2026-cı ilin birinci yarısında yeni məzmun xətti ilə genişləndiriləcək.
Müsabiqənin İşçi Qrupundan “Tehsil365"ə bildirilib ki, bu çərçivədə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunda “Ədibin Evində Yüksəliş” adlı silsilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Müsabiqənin beş mövsümü ərzində qalib olmuş 116 nəfər XX əsr Azərbaycan milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın Bakıdakı ilk ünvanında, İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə təşkil olunacaq görüşlərdə iştirak edəcəklər. Görüşlər zamanı azərbaycançılıq fəlsəfəsi, milli kimliyin qorunması, ana dilinin rolu və bu dəyərlərin idarəçiliyin müxtəlif istiqamətlərində tətbiqi ilə bağlı müzakirələr aparılacaq.
Silsilə görüşlərin əsas məqsədlərindən biri Prezident İlham Əliyevin çıxışlarında xüsusi vurğuladığı Azərbaycan dilinin milli kimliyin, dövlətçilik düşüncəsinin və strateji idarəetmənin əsas dayaqlarından biri olması fikrinin idarəçilər arasında daha dərindən təşviq edilməsidir. Bu kontekstdə ana dilinin ünsiyyət vasitəsi olmaqla yanaşı, milli ideologiyanın və intellektual məsuliyyətin daşıyıcısı olması məsələləri diqqət mərkəzində saxlanılacaq.
Görüşlərdə qonaq natiq qismində “Ədibin Evi”nin ekspertləri çıxış edəcək, ədəbiyyatın, dilin və milli-mənəvi irsin liderlik, idarəçilik təfəkkürünə təsiri müxtəlif aspektlərdən təhlil olunacaq.
Qeyd edək ki, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin və ədəbi irsinin tədqiqi və təbliği istiqamətində ardıcıl fəaliyyət göstərir. Fond gənc nəslin intellektual inkişafını diqqətdə saxlayaraq oxu mədəniyyətinin gücləndirilməsi, xalqa və Vətənə sevginin aşılanmasında ədəbiyyatın rolunun önə çəkilməsini əsas məqsədlərindən biri kimi müəyyənləşdirib.
“Yüksəliş” müsabiqəsi Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezidenti İlham Əliyev tərəfindən 2025-ci il 10 dekabr tarixində müvafiq Sərəncam imzalanıb.

