Həyatın ritmlərini xalq rəqsində tapan Böyükağa Məmmədovun zəngin yaradıcılıq yolu keçib. Uzun müddət “Cücələrim” rəqs ansamblına rəhbərlik edən Böyükağa Məmmədov dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini layiqincə tanıdıb. Ömrünün 61 ilini bu sənətin inkişafına həsr edən milli rəqs sənətinin görkəmli nümayəndəsi bu illər ərzində onlarla davamçı yetişdirib, nəsillər arasında sənət varisliyinin möhkəmlənməsinə töhfələr verib. Ustad rəqqas sənətini sevərək gələcək nəsillərə ərməğan edib.
“Tehsil365" xəbər verir ki, bu gün tanınmış rəqqas, Xalq artisti Böyükağa Məmmədovun anadan olmasının 99-cu ildönümü tamam olur.
Uzun illər Dövlət Mahnı və Rəqs Ansamblında çalışan sənətkarın qurduğu rəqslər bu gün də səhnədədir. Məxsusi onun üçün qurulmuş “Çoban” rəqsi bu gün arxivdə qorunur. Özünün öyrətdiyi rəqslər isə mövzu və süjet baxımından fərqli olub. Azərbaycan mədəniyyətinə verdiyi töhfələrə görə müxtəlif orden və medallara layiq görülüb.
Ustad rəqqas bir sıra məşhur filmlərimizdə də rəqslərə quruluş verib. 1965-ci ildə lentə alınan “Arşın mal alan” filmində qadınların rəqsinə Əminə Dilbazi, kişilərin rəqsinə isə Böyükağa müəllim quruluş verib. Bundan əlavə, “Mən rəqs edəcəyəm” filmində Mahmud Esenbayevin ifa etdiyi məşhur “Naz eləmə” rəqsinin quruluşu da ona məxsus idi.
Azərbaycan milli rəqs sənətinin fədailərindən biri olan Böyükağa Məmmədov 2018-ci il yanvarın 17-də 90 yaşında Bakı şəhərində vəfat edib.

