Yanvarın 23-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, müasir Azərbaycan əlifbasının müəllifi, akademik Afad Qurbanovun elmi irsinə həsr olunmuş elmi sessiya keçirilib.
Bu barədə “Tehsil365"ə institutdan məlumat verilib. Bildirilib ki, elmi sessiyada çıxış edən institutun direktoru professor Nadir Məmmədli görkəmli dilçi-alim Afad Qurbanovun Azərbaycan dilçiliyinin inkişafındakı müstəsna xidmətlərindən söz açıb. "Akademikin onomastika, ümumi dilçilik və dilçilik nəzəriyyəsi sahələrində apardığı araşdırmalar bu gün də elmi ictimaiyyət üçün dəyərli istiqamət və örnək olaraq qalmaqdadır", - deyə professor qeyd edib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli “Afad Qurbanov və onomastika” mövzusunda məruzəsində görkəmli alimin elmi fəaliyyəti, tədqiqat istiqamətləri və dilçilik məktəbinin formalaşmasındakı rolundan bəhs edib.
Professor Sayalı Sadıqova “Afad Qurbanovun yaradıcılığı” mövzusunda məruzə edib. O vurğulayıb ki, Azərbaycan dilçiliyində ilk dəfə olaraq onomastika məsələlərinin sistemli şəkildə həlli və tədqiqi Afad Qurbanovun adı ilə bağlıdır.
Professor Məsud Mahmudov “Afad Qurbanovun dilçilik görüşləri” mövzusunda çıxışında isə alimin ümumi dilçilik və dil nəzəriyyəsinə dair baxışlarını müasir elmi yanaşmalar kontekstində şərh edib.
"Ümumi dilçilik problemlərinin nəzəri istiqamətdə tədqiqində, bu sahədə elmi məktəb yaradılmasında Afad Qurbanovun öz dəst-xəti, konsepsiyası var",- deyə filologiya elmlər doktoru, dosent Nəriman Seyidəliyev “Afad Qurbanov və ümumi dilçilik” mövzusunda məruzəsində bildirib.
Sonda Dilçilik İnstitutunun əməkdaşları və tələbələri akademiklə bağlı xatirələrini bölüşüblər.

