İtaliyanın paytaxtı Romada Azərbaycan kinosuna həsr olunmuş tədbir çərçivəsində Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış “Buta” bədii filmi nümayiş olunub.
Bu barədə “Tehsil365"ə Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir ölkəmizin İtaliyadakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və “La Lampadina – Periodiche Illuminazioni” Assosiasiyasının birgə təşkilatçılığı ilə Roma şəhərində yerləşən “Cinema Caravaggio” kinoteatrında keçirilib.
Nümayiş olunan “Buta” filmi Azərbaycan xalçaçılığında geniş yayılmış ornamental motivin adını daşımaqla yanaşı, eyni zamanda ekran əsərinin əsas qəhrəmanının adını əks etdirir. Film tamaşaçıya Qafqaz dağları arasında yerləşən kiçik bir Azərbaycan kəndində insanların gündəlik həyatı, təbiətlə və ənənələrlə bağlılığı fonunda cərəyan edən hadisələri çatdırır.
Rejissor İlqar Nəcəf tərəfindən 2011-ci ildə çəkilmiş film "Oskar" Milli Komitəsi tərəfindən "Ən yaxşı xarici film" nominasiyası üzrə rəsmi namizədi olub, habelə “Asiya Oskarı” kimi tanınan “Asia Pacific Screen Awards” mükafatının təqdimat mərasimində “Uşaqlar üçün ən yaxşı bədii film” mükafatına layiq görülüb.
Filmin nümayişindən əvvəl Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov çıxış edərək milli filmlərin ölkə hüdudlarından kənarda nümayiş etdirilməsinin mədəniyyətimizin təbliği nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıdığını söyləyib. Azərbaycanın kino sənətinin və mədəniyyətinin dünyada layiqincə təbliğ üçün lazımi dövlət dəstəyinin göstərildiyini bildirib. İki ölkə arasında mədəni əlaqələrin inkişafında mədəniyyət və kino sahəsinin mühüm rolunu vurğulayıb, bu kimi tədbirlərin Azərbaycan mədəniyyətinin İtaliya ictimaiyyətinə daha yaxından tanıdılmasına töhfə verdiyini söyləyib.
Tədbirin moderatoru Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə çıxışında ölkəmizdə kino sahəsinin davamlı inkişaf etdiyini, Azərbaycan filmlərinin beynəlxalq arenada maraq və rəğbətlə qarşılandığını diqqətə çatdırıb.
“La Lampadina – Periodiche Illuminazioni” Assosiasiyasının nümayəndələri İzabella Konfortini Hol və Puççi Biffi Rastrelli çıxış edərək, filmin İtaliya tamaşaçısı tərəfindən maraqla qarşılanacağına əminliklərini ifadə ediblər və gələcəkdə birgə mədəni layihələrin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.
Film İtaliyadakı Azərbaycan icması və bu ölkənin akademik və mədəni dairələrinin nümayəndələrindən ibarət auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

