Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Şahismayıl Namaz oğlu İsmayılov elmi fəaliyyətinə verdiyi mühüm töhfələrə görə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli tərəfindən yüksək qiymətləndirilib və AMEA Prezidentinin Təşəkkürnaməsi ilə təltif olunub.
“Tehsil365” xəbər verir ki, bu yüksək qiymətləndirmə dosent Şahismayıl İsmayılovun uzunmüddətli və ardıcıl elmi-pedaqoji fəaliyyəti, tarix və fəlsəfə sahələrində apardığı fundamental tədqiqatlar, eləcə də yerli və beynəlxalq elmi platformalarda qazandığı uğurların nəticəsi kimi dəyərləndirilir. Onun elmi yaradıcılığı Azərbaycan elmi fikrinin inkişafına töhfə verməklə yanaşı, milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və ortaq mədəni irsin elmi əsaslarla araşdırılmasına xidmət edir.
Təltif, eyni zamanda dosent Şahismayıl İsmayılovun Azərbaycan və qardaş Türkiyə Respublikasının alimləri ilə birgə həyata keçirdiyi elmi layihələr, beynəlxalq əməkdaşlıq sahəsində göstərdiyi fəallıq və elmi inteqrasiyaya verdiyi töhfələrlə bağlıdır. Onun fəaliyyəti türk dünyasında ortaq dəyərlərin, fəlsəfi düşüncə tarixinin və mədəni kimliyin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, dosent Şahismayıl İsmayılovun ötən il Türkiyədə türk alimləri ilə birgə ingilis dilində nəşr etdirdiyi “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” adlı monoqrafiya elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Sözügedən əsər artıq bir sıra türk dövlətlərinin ali təhsil müəssisələrində dərs vəsaiti və əlavə oxu mənbəyi kimi istifadə olunur.
Dosent Şahismayıl İsmayılovun AMEA Prezidentinin Təşəkkürnaməsi ilə təltif olunması onun elmi fəaliyyətinə göstərilən yüksək etimadın və gələcək elmi araşdırmalarına verilən dəstəyin göstəricisi kimi qiymətləndirilir. Bu nailiyyət eyni zamanda Azərbaycan Dillər Universitetində aparılan elmi-tədqiqat işlərinin səviyyəsini və universitetin beynəlxalq elmi mühitdə artan nüfuzunu bir daha təsdiqləyir.

