Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Konstitusiya və Suverenlik İli” qrant müsabiqəsinin qalibi olan “Mübarizlərin mirası” intellektual turniri uğurla başa çatıb.
“Tehsil365” xəbər verir ki, dövlətimizin ərazi bütövlüyü və suverenliyinin bərpasında rol oynamış qəhrəmanlara həsr olunmuş turnir “Nə? Harada? Nə zaman” və “Kviz” mərhələlərindən ibarət olub. Seçim turunun nəticələrinə əsasən, ən çox suala düzgün cavab verən 10 komanda final mərhələsində iştirak haqqı qazanıb.
17 yanvar tarixində Azərbaycan Tibb Universitetində baş tutan final yarışında əvvəlcə Vətən müharibəsi qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra layihə rəhbəri Arzu Musayeva çıxış edərək gənclərin fərdi layihələrinin dəstəklənməsinin əhəmiyyətindən danışıb və “Konstitusiya və Suverenlik İli”, Qarabağ münaqişəsi və Zəfər yolu haqqında təqdimat edib. Yarış başlamazdan əvvəl iştirakçılar yarış qaydaları ilə tanış edilib və bütün komandalara uğurlar arzulanıblar.
Final mərhələsi 10 turdan ibarət olub. Gənclər Qarabağın coğrafiyası, Azərbaycan tarixi, Milli Qəhrəmanlarımız, mədəni irsimiz və digər mövzularda faktlara əsaslanan suallara cavab veriblər. Maraqlı və gərgin keçən yarışın sonunda qalib “Helter Skelter” komandası olub. İkinci və üçüncü yerləri müvafiq olaraq “Madurolu Pentaqon” və “Minas Tirith” komandaları tutub. Qaliblər kubok, sertifikat və hədiyyələrlə təltif ediliblər.
Qeyd edək ki, turnirin birinci mərhələsində 16 komanda, ümumilikdə isə 80 gənc müxtəlif ixtisaslardan iştirak edib.

