22.01.2026-cı il tarixində Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyat uğurla həyata keçirilib.
“Tehsil365” xəbər verir ki, ölkə səhiyyəsində yeni dövrün başlanğıcı kimi qiymətləndirilən bu mühüm hadisədən sonra Yeni Klinikada media nümayəndələri üçün brifinq təşkil olunub.
Brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Yeni Klinikanın direktoru Barat Yusubov və Yeni Klinikanın direktor müavini Eldar Əhmədov iştirak ediblər.
Jurnalistlərin suallarını cavablandıran TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov robotik cərrahiyənin üstünlüklərindən danışaraq bildirib ki, bu texnologiya əməliyyatların daha dəqiq və təhlükəsiz şəkildə icrasına imkan yaradır. Onun sözlərinə görə, robotik cərrahiyyənin əsas üstünlüklərindən biri məsafədən idarəetmə imkanının olmasıdır:
"Robotik cərrahiyə aparatının mövcud olduğu xəstəxanada həkimin fiziki olaraq iştirak etməsi mütləq şərt deyil. Həkim başqa bir tibb müəssisəsindən və ya fərqli məkandan əməliyyatı idarə edə və icra edə bilər".
Qeyd edilib ki, bu texnologiyanın tətbiqi əməliyyat zamanı insan faktoru ilə bağlı risklərin azalmasına, bərpa müddətinin qısalmasına və pasiyentlərin müalicə keyfiyyətinin yüksəlməsinə şərait yaradır.

