Yanvarın 24-də Bakı Slavyan Universiteti (BSU) ilə Bank Respublika arasında əməkdaşlıq çərçivəsində bank sektorunda inklüziv yanaşmaların təşviqi məqsədilə peşəkar inkişaf təlimi keçiriləcək.
Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib. Bildirilib ki, “İnklüziv bankçılıq” mövzusuna həsr olunan təlim Bank Respublikanın əməkdaşları üçün nəzərdə tutulub və bank xidmətlərində müştəriyönümlü, əlçatan və təhlükəsiz yanaşmaların gücləndirilməsini hədəfləyir.
Təlim proqramı iki modul üzrə təşkil olunacaq. Birinci modulda inklüziv bankçılıq və müştəri mərkəzli yanaşma mövzuları ətraflı şəkildə izah ediləcək.
İkinci modul isə müştəri xidmətlərində inklüzivlik, effektiv ünsiyyət, əlçatanlıq və təhlükəsiz xidmət prinsiplərinə həsr olunacaq.
Qeyd olunub ki, təlim bank sektorunda çalışan əməkdaşların inklüziv xidmət bacarıqlarının artırılmasına və müxtəlif müştəri qruplarının ehtiyaclarının daha dolğun şəkildə qarşılanmasına töhfə verəcək.

