Yanvarın 23-də Respublika Gözdən Əlillər Kitabxanasında “Özümüzü Tanıdaq” tədbirlər silsiləsi çərçivəsində tanınmış şair, tərcüməçi, jurnalist, Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliyinin üzvü Giya Paçxataşvilinin 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə “Tehsil365”ə Respublika Gözdən Əlillər Kitabxanasından məlumat verilib. Bildirilib ki, tədbir Azərbaycan Gözdən Əlillər İctimai Birliyinin və Bakı Şəhər Təşkilatının dəstəyi ilə, kitabxananın əməkdaşları Zəkəriyyə Qurbanov və Ayxan Hüseynovun həm təşkilatçılığı, həm də aparıcılığı ilə baş tutub.
Tədbirdə oxucularla yanaşı, Giya Paçxataşvilinin həyat yoldaşı Xatirə Paçxataşvili, şair və publisist Xatirə Fərəcli, Əməkdar jurnalist Zenfira Məhərrəmli, şair və jurnalist Ülkər Atəş, şair Famil Hacısay, şair Eldar Həsrət, rəssam-yazıçı Sehran Allahverdi, tədqiqatçı-jurnalist Pünhan Şükür və digər qonaqlar iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Ayxan Hüseynov tədbirin məqsəd və əhəmiyyətindən bəhs edib. Daha sonra söz digər təşkilatçı və aparıcı Zəkəriyyə Qurbanova verilib. O, “Özümüzü Tanıdaq” layihəsi çərçivəsində görülən işlərdən danışıb, Giya Paçxataşvilinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. Bildirilib ki, şairin “Givinin Qarabağnaməsi”, “Son–Əvvələ Gedən Yol”, “Hə Dedim”, “Sükutun Rəngləri” və Qiymət Məhərrəmlinin müəllifi olduğu “Dərviş” kitablarının səsli versiyaları hazırlanıb.
Zəkəriyyə Qurbanov çıxışının sonunda şairi yubileyi münasibətilə təbrik edib və bəstəkar İqbal Ağayevin musiqisini yazdığı, Giya Paçxataşvilinin “Zülmətdən Gələn İşıq” şeirinə həsr olunmuş himnin ingilis dilində versiyasını təqdim edib.
Daha sonra yubilyar Giya Paçxataşvili çıxış edərək keçirilən görüş və səsli nəşrlərlə bağlı fikirlərini bölüşüb, tədbirin təşkilində əməyi olan hər kəsə, xüsusilə Zəkəriyyə Qurbanov və Ayxan Hüseynova təşəkkürünü bildirib.
Şairin çıxışından sonra onun “Mənim Qaxım” şeiri Xalq artisti Eldost Bayramın ifasında səsləndirilib və böyük maraqla qarşılanıb. Ardınca şair və jurnalist Ülkər Atəş Giya Paçxataşviliyə həsr etdiyi “Ağ Adam” şeirini səsləndirib.
Tədbir qonaqların səmimi çıxışları, şeir və musiqi nömrələri ilə davam edib. Sonda Ayxan Hüseynov Giya Paçxataşvilinin kitablarından iki səsli nüsxəni kitabxananın adından yubilyara hədiyyə edib və tədbiri bağlı elan edib.
Qeyd edək ki, şair və tərcüməçi Giya Paçxataşvilinin yuxarıda adı çəkilən kitablarının səsli versiyaları Respublika Gözdən Əlillər Kitabxanasında oxucuların istifadəsinə verilib.

