Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya və Pedaqogika kafedrasının müəllimləri – pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Şəfiqə Tahirova və müəllim Türkan Ömərova Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin təşkilatçılığı və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Özbəkistanın bir sıra nüfuzlu ali təhsil müəssisələrində silsilə təlimlər keçiriblər.
Bu barədə “Tehsil365”ə universitetdən məlumat verilib. Bildirilib ki, təlimlər Daşkənd Dövlət Şərqşünaslıq Universitetində və Nizami Gəncəvi adına Milli Pedaqogika Universitetində təşkil olunub.
Tədbirlər çərçivəsində müasir pedaqoji yanaşmalar, psixoloji hazırlıq metodları, təhsildə innovativ üsullar, eləcə də müəllim–tələbə münasibətlərinin inkişafı mövzularında geniş müzakirələr aparılıb.
Bununla yanaşı, təlimlərin bir hissəsi Azərbaycan dilinin, milli-mənəvi dəyərlərin və Azərbaycan məfkurəsinin təbliğinə həsr olunub. İştirakçılara Azərbaycan xalqının zəngin tarixi, mədəni irsi, dövlətçilik ənənələri və ölkəmizin müasir inkişaf yolu barədə ətraflı məlumat verilib.
Təlimlər hər iki ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri tərəfindən böyük maraqla qarşılanıb. Görüşlər zamanı Azərbaycan ilə Özbəkistan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.

