Budapeştdə Macarıstan Milli Muzeyində “Avropa hunları və çöl mədəniyyətləri arxeologiyasının son nəticələri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq konfrasda Azərbaycanı təmsil edən AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Azərbaycanın arxeoloji irsində hun tapıntıları” mövzusunda çıxış edib.
Bu barədə “Tehsil365"ə Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, Fərhad Quliyev çıxışında hunların bir çox xalqların, xüsusən də macarların və türk xalqlarının etnogenezində həlledici rol oynadığını söyləyib. O qeyd edib ki, Azərbaycanda Mingəçevir, Qusar (Quxuroba) və Qubada (Xucbala), o cümlədən Şamaxıda (Sandıqtəpə) aşkar edilən IV-VII əsrlərə aid katakombalar, daş qutu və torpaq qəbirlərində aşkar olunan artefaktlar daha çox hunlara, hun ittifaqına daxil olan masqutlar, sabir/savir/suvarlara və bu qəbildən olan digər xalqlara aid olub. Bu kontekstdə hunların (eramızın IV-V əsrləri) zərgərlik sənətinin bədii xarakterik üslubunda qızıl və tuncdan hazırlanmış və üzəri Süleyman daşları, zümrüdlərlə bəzədilmiş baş bəzəyini (diadem) göstərmək olar. Diadem 1967-ci ildə mərhum arxeoloq Cabbar Xəlilov tərəfindən Şamaxı rayonunun Xınıslı kəndində tədqiq edilmiş daş qutu qəbirdə aşkar olunub. Hazırda Mədəniyyət Nazirliyi ilə bağlanılmış müqaviləyə əsasən Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən bu eksponat altı ay Macarıstan Milli Muzeyinə müvəqqəti sərgilənməsi üçün təqdim edilib.
F.Quliyev macar antropoloqlarının hunlara aid paleoantropoloji qalıqları üzrə apardıqları tədqiqatları qeyd etməklə yanaşı, Azərbaycan antropoloqlarının da bu sahədə aparıdığı son illərin nəticələrindən danışıb. Azərbaycanda hun arxeoloji irsi istiqamətində yeni müstəvidə tədqiqatların aparılması məqsədilə Macarıstan, Türkiyə, Qazaxıstan və Özbəkistan arxeologiya institutlarının birgə layihə çərçivəsində əməkdaşlığı konfransın əsas nəticələrindən biri olub.
Beynəlxalq tədbirdə macar arxeoloqları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Monqolustan və Rumıniyadan olan arxeoloqar da çıxış ediblər.
Konfrans iştirakçıları muzeydə fəaliyyətə başlamış “Atilla” adlı beynəlxalq sərgini də ziyarət ediblər.

