Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsi türkoloji araşdırmaların aparıldığı mühüm bir mərkəzdir. Şöbə əməkdaşlarının, xüsusən də gənc tədqiqatçı Arzu İsgəndərzadənin əsərləri bu sahəyə dəyərli töhfələr verir. Onun tədqiqatları əsasən XIV-XV əsr türk abidələrinin və Anadolu türkcəsinin öyrənilməsini əhatə edir.
Filologiya elmləri doktoru, dosent Qətibə Quliyevanın elmi redaktorluğu ilə gənc tədqiqatçının “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş “Tacəddin Əhmədinin “Cəmşidnamə” məsnəvisinin tekstoloji-linqvistik tədqiqi” adlı monoqrafiyası müasir türkologiyada mühüm elmi hadisə kimi qiymətləndirilməlidir.
Bu barədə “Tehsil365"ə filologiya elmləri doktoru, dosent Qətibə Mahmudova bildirib. O qeyd edib ki, monoqrafiyanın əsas obyekti oğuz türkcəsinin erkən yazılı nümunələrindən sayılan “Cəmşidnamə” məsnəvisidir. Müəllif əsəri İstanbul Universitetinin Nadir Əsərlər Kitabxanasında saxlanılan yeganə əlyazma nüsxəsi əsasında tarixi-müqayisəli, tekstoloji və leksik-semantik metodlardan istifadə edərək araşdırır.
Q.Mahmudovanın fikrincə, əsərin əsas elmi töhfəsi oğuz türkcəsinin XIV–XV əsrlərdə Anadolu coğrafiyasında ədəbi dil kimi formalaşma prosesinin elmi əsaslarla şərh edilməsidir: “Müəllif göstərir ki, “Cəmşidnamə” ədəbi dil normalarının hələ tam sabitləşmədiyi bir mərhələnin məhsuludur ki, bu da fonetik paralelizmlərdə və variantlı yazılışlarda öz əksini tapır.
Monoqrafiyada “Cəmşidnamə”nin zəngin lüğət tərkibi - türkmənşəli leksika, arxaik sözlər, ərəb və fars mənşəli alınmalar sistemli şəkildə təhlil edilir. Bu yanaşma ümumtürk leksik fondunun formalaşması məsələlərinin aydınlaşdırılmasına xidmət edir. Abidənin dili “Kitabi-Dədə Qorqud”, Füzuli və Nəsimi yaradıcılığı kimi digər klassik nümunələrlə müqayisəli şəkildə təhlil olunur, oğuz türkcəsinin ümumtürk dil sistemi içindəki yeri müəyyənləşdirilir”.
Q.Mahmudova vurğulayıb ki, nəticə etibarilə Arzu İsgəndərzadənin bu monoqrafiyası orta əsr oğuz yazılı abidələrinin öyrənilməsi sahəsində fundamental elmi töhfədir. Əsər dilçi alimlər, türkologiya üzrə tədqiqatçılar, magistrantlar və doktorantlar üçün dəyərli elmi mənbədir.

