23 yanvar 2026-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin (EKİXM) 2021–2025-ci illəri əhatə edən illik hesabat iclası keçirilib.
“Tehsil365” xəbər verir ki, iclasda EKİXM-in direktoru Cəmilə Əliyeva çıxış edərək mərkəzin son illərdə elmi-informasiya xidmətlərinin inkişafı, innovativ texnologiyaların tətbiqi və universitetin akademik mühitinə göstərilən dəstək barədə geniş hesabat təqdim edib. O bildirib ki, müasir dövrdə kitabxanalar yalnız informasiya saxlayıcısı deyil, eyni zamanda elmi araşdırmaların, rəqəmsal biliklərin və innovasiyaların əsas mərkəzlərindən biridir. Bu baxımdan EKİXM-də fəaliyyət “sadə, sistemli və dayanıqlı innovasiya” prinsipi əsasında qurulub.
Hesabatda EKİXM-in bibliometriya xidməti xüsusi vurğulanıb. Qeyd olunub ki, mərkəz tərəfindən Web of Science, Scopus və Google Scholar bazaları üzrə elmi sənədlərin təhlili aparılır, Milli H-indeks məlumat bazası formalaşdırılır və tədqiqatçılara elmi fəaliyyətlərinin qiymətləndirilməsi istiqamətində metodiki dəstək göstərilir. Bu xidmətlər universitetin elmi kommunikasiya sistemində fəal iştirakını gücləndirir.
Cəmilə Əliyeva KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə sisteminin tətbiqinin əhəmiyyətinə də toxunub. Bildirilib ki, MARC21 və RDA beynəlxalq kitabxana standartlarına uyğun olaraq resursların işlənməsi açıq mənbəli KOHA sistemi vasitəsilə kitabxana resurslarının daha çevik idarə olunmasına və istifadəçilərin resurslara uzaqdan çıxış imkanlarının genişlənməsinə şərait yaradıb.
Hesabat dövründə EKİXM tərəfindən bibliometrik qiymətləndirmə, H-indeks, ORCID, elmi məqalələrin yazılması, tədqiqat datası və analitik yanaşmalar mövzularında çoxsaylı seminar, təqdimat və təlimlərin keçirildiyi bildirilib. Tədbirlər həm əyani, həm də onlayn formatda təşkil olunaraq geniş auditoriyanı əhatə edib.
Direktor çıxışında ADU DSpace İnstitusional Repozitoriyasının fəaliyyətinə də diqqət çəkərək qeyd edib ki, bu platforma universitetin akademik və elmi irsinin qorunması, açıq girişin təmin edilməsi və beynəlxalq elmi görünürlüğün artırılmasında mühüm rol oynayır. Research Organization Registry (ROR) inteqrasiyası isə ADU-nun beynəlxalq tədqiqat məkanında tanınmasını gücləndirir.
İclasda daha sonra İnformasiya Xidməti və Rəqəmsallaşdırma şöbəsinin müdiri Səkinə Həsənova şöbənin illik fəaliyyəti barədə məruzə ilə çıxış edib. O, istifadəçilərin informasiya tələbatının operativ və keyfiyyətli şəkildə ödənilməsinin əsas prioritetlərdən biri olduğunu, elektron kataloq, onlayn sorğu xidməti və rəqəmsal bazalara çıxış imkanlarının genişləndirildiyini bildirib. Eyni zamanda nadir və dəyərli nəşrlərin rəqəmsallaşdırılması proseslərinin mərhələli şəkildə həyata keçirildiyi vurğulanıb.
Analitik İnformasiya Xidməti bölməsinin əməkdaşı Pərviz Kazımi isə bölmənin illik fəaliyyəti və aparılan analitik işlər barədə məlumat verib. Bildirilib ki, hesabat dövründə universitetin elmi potensialının qiymətləndirilməsi, nəşr aktivliyinin təhlili və tədqiqat göstəricilərinin monitorinqi üzrə analitik hesabatlar hazırlanıb. Bu işlər Scopus, Web of Science və Google Scholar kimi beynəlxalq bazalar əsasında aparılıb və universitetin beynəlxalq elmi görünürlüğünün artırılmasına xidmət edib.
İclasda çıxış edən Kitabxana şöbəsinin müdiri Nuranə Qafarova da şöbə əməkdaşlarına hesabat nümunələri ətrafında məlumat verib.
Sonda çıxış edənlər EKİXM-in son illərdə həyata keçirdiyi fəaliyyətlərin Azərbaycan Dillər Universitetində elmi-informasiya mühitinin inkişafına, rəqəmsal transformasiyanın sürətlənməsinə və beynəlxalq standartlara uyğun kitabxana xidmətlərinin formalaşmasına mühüm töhfə verdiyini qeyd ediblər. Bildirilib ki, mərkəz qarşıdakı dövrdə də innovativ texnologiyaların tətbiqi, elmi tədqiqatlara informasiya dəstəyinin gücləndirilməsi və istifadəçi yönümlü xidmətlərin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.

