Yanvarın 27-də Təhsil Respublika İdman Mərkəzinin Şirvan şəhəri uşaq-gənclər idman-şahmat məktəbində şahmat üzrə 8, 10, 12, 14 və 16 yaşadək oğlan və qızlar arasında Azərbaycan çempionatının seçmə yarışlarının zona mərhələsinin açılış mərasimi keçirilib.
Bu barədə "Tehsil365"ə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva və Şirvan şəhəri üzrə təhsil sektorunun müdiri Varis Qasımlı iştirak ediblər.
Yarışda RTİ-nin tabeliyində olan şəhər və rayonların şahmat komandaları iştirak edir. Hər bir komandanın tərkibi 10 nəfər olmaqla, ümumilikdə 50 yeniyetmə şahmatçı mübarizə aparır.
Qeyd edək ki, yarışda yüksək nəticə göstərən komandalar Gəncə şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.

