Yanvarın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gələcəyin mühəndisləri üçün: texnologiya, praktika və əyləncə bir arada!” şüarı ilə təşkil olunan “Mühəndislik düşərgəsi”nə start verilib.
Universitetdən “Tehsil365"ə verilən məlumata görə, düşərgənin açılış tədbirində çıxış edən ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova orta məktəb şagirdlərini universitetdə salamlayaraq, düşərgənin məqsədi və proqramı haqqında ətraflı məlumat verib. O, şagirdləri bir vaxtlar valideynlərinin təhsil aldığı ali təhsil müəssisəsində bu cür öyrədici, texnoloji və eyni zamanda əyləncəli proqramda iştirakının önəmindən danışıb və düşərgənin şagirdlərin gələcək peşə seçimində mühüm rol oynayacağını vurğulayıb.
Ardınca ADNSU-nun Məzunlarla İş və Karyera Mərkəzinin müdiri Şamil Əhmədov çıxış edərək universitetdə həyata keçirilən karyera yönümlü layihələrdən danışıb və bu cür təşəbbüslərin gənclərin mühəndislik sahəsinə marağının artırılmasına və erkən mərhələdə düzgün istiqamətləndirilməsinə xidmət etdiyini bildirib.
Daha sonra təlimçi Rəşad Abbasov tərəfindən “Yer elmlərinin mahiyyəti” mövzusunda nəzəri təlim, ardınca isə “Yer elmlərinin tətbiqi əsasları” mövzusunda praktiki məşğələ təşkil olunub. Günün davamında təlimçi Elnur Əlizadə tərəfindən “Maddələrin sehrli dünyası” mövzusunda nəzəri təqdimat keçirilib.
Proqram çərçivəsində şagirdlər ADNSU-nun Mineralogiya muzeyinə ekskursiya edərək burada qorunub saxlanılan müxtəlif mineral nümunələri ilə yaxından tanış olub, onların xüsusiyyətləri və tətbiq sahələri barədə ətraflı məlumat əldə ediblər.
Şagirdlər UFAZ-a səfər edib, laboratoriyalarda müasir avadanlıqlarla tanış olub, aparılan elmi tədqiqatlar və praktiki məşğələlər barədə ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, yanvarın 31-də yükunlaşacaq Mühəndislik düşərgəsində şagirdlər üçün müxtəlif təlimlər, laboratoriya məşğələləri və tanışlıq görüşləri nəzərdə tutulub.

