Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) son illər ərzində beynəlxalq ali təhsil məkanında mövqeyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü inkişaf strategiyası həyata keçirir.
“Tehsil365" xəbər verir ki, bu strategiyanın real və ölçülə bilən nəticələri nüfuzlu beynəlxalq reytinq qurumlarının
açıqladığı göstəricilərdə əksini tapır. Belə ki, dünyanın aparıcı ali təhsil reytinq agentliklərindən olan “Quacquarelli Symonds” (QS) tərəfindən elan edilən “QS World University Rankings: Europe 2026” siyahısında AzMİU əvvəlki illərləmüqayisədə əhəmiyyətli irəliləyiş nümayiş etdirib.
Cari reytinq siyahısına Avropanın 42 ölkəsindən ümumilikdə 958 ali təhsil müəssisəsi daxil edilib. AzMİU 2026-cı il üzrə Avropa reytinqində 476-cı mövqedə qərarlaşıb. Qeyd etmək lazımdır ki, universitet 2024-cü ildə 601+, 2025-ci ildə isə 551–600 aralığında yer almışdı. Qısa müddət ərzində əldə olunan bu yüksəliş AzMİU-nun beynəlxalq reytinqlər üzrə ardıcıl, davamlı və strateji inkişaf trayektoriyası üzrə irəlilədiyini aydın şəkildə nümayiş etdirir.
Xüsusilə diqqətçəkən məqamlardan biri cari reytinq dövründə AzMİU-nun üstələdiyi ali təhsil müəssisələrinin faiz göstəricisinin 12,6%-dən 50,4%-ə yüksəlməsidir. Bu fakt universitetin Avropa ali təhsil məkanında mövqeyinin kəmiyyət və keyfiyyət baxımından əhəmiyyətli dərəcədə möhkəmləndiyini, rəqabət qabiliyyətinin nəzərəçarpacaq şəkildə artdığını, AzMİU-da tətbiq olunan strateji idarəetmə modelinin, keyfiyyətyönümlü akademik siyasətin, beynəlxalq standartlara uyğun yanaşmanın tətbiqini göstərən mühüm
göstəricidir.
Mübadilə əsasında təhsil alan xarici tələbələrin sayına görə ölkə birincisi olan AzMİU “QS Europe 2026” reytinqi çərçivəsində bir sıra əsas indikatorlar üzrə də müsbət dinamika nümayiş etdirib:
• mübadilə proqramları vasitəsilə xaricə gedən tələbələrin nisbəti üzrə
göstərici balı 40,0-a;
• mübadilə proqramları çərçivəsində universitetə gələn tələbələrin nisbəti üzrə
göstərici balı 39,0-a;
• fakültə–tələbə nisbəti üzrə göstərici balı 38,9-a;
• işəgötürənlər arasında reputasiya göstəricisi 36,0-a;
• dayanıqlılıq göstəricisi 34,2-yə;
• akademik reputasiya göstəricisi 31,1-ə;
• məzunların məşğulluq nəticələri üzrə göstərici 28,9-a;
• əcnəbi tələbələrin müxtəlifliyi üzrə göstərici 18,0-a;
• əcnəbi fakültə üzvlərinin nisbəti üzrə göstərici 14,4-ə;
• fakültə üzvünə düşən elmi məqalələrin sayı üzrə göstərici isə 1,9 yüksəlib.
Bu nəticə AzMİU-da tədris keyfiyyətinin sistemli şəkildə yüksəldilməsi, elmi- tədqiqat fəaliyyətinin stimullaşdırılması, professor-müəllim heyətinin potensialının gücləndirilməsi, beynəlxalq akademik şəbəkələrə inteqrasiyanın dərinləşdirilməsi və dayanıqlı inkişaf prinsiplərinin institusional səviyyədə tətbiqi istiqamətində həyata keçirilən kompleks tədbirlərin məntiqi nəticəsidir.
Universitet rəhbərliyi gələcəkdə də beynəlxalq tədqiqat əməkdaşlıqlarının genişləndirilməsini, qlobal akademik reputasiyanın daha da gücləndirilməsini, təhsil proqramlarının beynəlxalq akkreditasiyasını, məzunların beynəlxalq əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasını prioritet kimi
müəyyənləşdirib.
Bu məqsədlə AzMİU beynəlxalq reytinqlərdə mövqeyini daha da yüksəltməyə, Avropa və qlobal ali təhsil məkanında dayanıqlı, tanınmış universitetlər sırasında yerini möhkəmləndirməyə yönəlmiş fəaliyyətini sistemli şəkildə davam etdirməyi hədəfləyir.

