Bakı Avrasiya Universitetində (BAAU) ABŞ-nin Azərbaycandakı Səfirliyinin və Dövlət Departamentinin regional nümayəndələri ilə görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, görüşdə universitetin rektoru, dosent Səyavuş Qasımov və Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva qonaqları qəbul edərək universitetin tədris, elmi-tədqiqat fəaliyyəti və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı məlumat veriblər.
Görüşdə ABŞ-nin Azərbaycandakı Səfirliyinin nümayəndələri Rendi Kol və Səbinə Abdullayeva, eləcə də ABŞ-ın Dövlət Departamentinin Regional İngilis Dili Ofisinin təmsilçiləri Con Silver və Aycan Yaman iştirak ediblər. Müzakirələr zamanı akademik və təhsil sahələrində gələcək əməkdaşlıq imkanları, beynəlxalq layihələr və təcrübə mübadiləsinin genişləndirilməsi mövzuları ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Görüşdən sonra ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirilən “English Language Fellow – ELF” proqramı çərçivəsində fəaliyyət göstərən Cordan Braun yazı qiymətləndirmə meyarlarının (rubriklərinin) uyğunlaşdırılması, eləcə də ədalətli və etibarlı qiymətləndirmənin təmin edilməsi mövzusunda peşəkar inkişaf təlimi keçib. Təlim zamanı tələbəyönümlü və praktik strategiyalar təqdim olunub, yazı qiymətləndirməsində effektivliyin artırılması üzrə tövsiyələr verilib.
Qeyd edək ki, bu cür görüşlər və təlimlər BAAU-nun beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir, elmi-tədris fəaliyyətinin keyfiyyətini yüksəldir və akademik mühitin inkişafına mühüm töhfə verir.

