Azərbaycan, Türkiyə və Qazaxıstanın Meksikadakı səfirlikləri və Mexiko şəhərində yerləşən Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Ümumdünya Türk Dili Ailəsi Günü” münasibətilə “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib.
“Tehsil365" xəbər verir ki, Yunus Əmrə İnstitutu Türkiyə Mədəniyyət Mərkəzində keçirilən konfransda çıxış edən Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev mədəniyyətin ayrılmaz tərkib hissəsi olan və xalqlarımızı birləşdirən ortaq dil amilinin əhəmiyyətini vurğulayıb. O, 2025-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş UNESCO Baş Konfransının 43-cü sessiyası zamanı “Ümumdünya Türk Dili Ailəsi Günü” elan edilməsini əlamətdar hadisə kimi dəyərləndirib, bunun türk dilinin universal mədəni müxtəlifliyin ayrılmaz tərkib hissəsi kimi tanınması istiqamətində mühüm addım olduğunu bildirib. S. Fətəliyev türk dili ailəsinin qorunması, inkişafı və beynəlxalq səviyyədə tanıdılmasına xidmət edən bu təşəbbüsün ilk günlərdən etibarən Azərbaycan tərəfindən dəstəkləndiyi barədə məlumat verib.
Səfir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “bizim ailəmiz türk dünyasıdır” tezisi həm mənsubiyyətin, həm məsuliyyətin bəyanıdır, bu yanaşma ortaq tarixə, ortaq mədəni yaddaşa və ortaq dəyərlərə söykənən birlik anlayışını önə çəkir. Səfir vurğulayıb ki, türk dili ailəsinin zənginliyinin dünyaya tanıdılması üçün bir gününü elan edilməsi kifayət deyil, bunun ardınca real və davamlı iş aparılmalı, dil diplomatiyası sistemləşdirilməlidir.
Konfransda çıxış edən Türkiyənin bu ölkədəki səfiri Murat Səlim Esenli və Qazaxıstanın səfiri Almurat Turqanbekov “Ümumdünya Türk Dili Ailəsi Günü”nün təsis edilməsinin ölkələrimiz arasında əlaqələrin inkişafı üçün yeni imkanlar yaratdığını, tarix və mədəniyyəti ilə bir olan Türk dünyasının zənginlik və müxtəlifliyinin parlaq gələcəyə yol açdığını bildiriblər. Çıxışlarda həmçinin türk dilinin qorunması və təşviqi baxımından Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Daha sonra Yunus Əmrə İnstitutunda türk dili və mədəniyyəti üzrə mühazirələr oxuyan professor Mehmet Necati Kutlu öz çıxışında türklərin ilk yazılı mənbəyi kimi Orxon-Yenisey abidələri, onların 1893-cü ildə Danimarka alimi Vilhelm Tomsen tərəfindən oxunması, türk əlifbalarının inkişafı, türkdilli xalqlar və onların yayıldığı coğrafiya, türk dillərinin ortaq sözləri barədə məlumat verib.
Konfrans sual-cavabla davam edib.
Konfransda həmçinin Meksika Xarici İşlər Nazirliyinin, Parlamentinin, Meksikadakı diplomatik korpusun və Meksika Milli Muxtar Universitetinin (UNAM) təmsilçiləri iştirak ediblər.

