Bu gün Böyük Vətən müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayev Şahbaz oğlunun anım günüdür.
“Tehsil365”in məlumatına görə, Məmiş Abdullayev 1923-cü ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1943-cü ilin iyun ayında hərbi qulluğa çağırılıb. O, I Belarus cəbhəsində hərbi əməliyyatlar aparan 48-ci ordunun tərkibində olan 339-cu atıcı alayda pulemyotçu kimi döyüşlərdə iştirak edib.
Serjant rütbəsində xidmət edən Məmiş Abdullayev 1944-cü ilin sentyabr ayının əvvəlində Polşa ərazisində faşist qoşunlarına qarşı aparılan döyüşlərdə misilsiz şücaət göstərib. Onun şəxsi qəhrəmanlığı və cəsarəti nəticəsində döyüşən hərbi hissənin hücumu təmin olunmuş, qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilmişdir.
Göstərdiyi igidliyə görə Məmiş Abdullayevə 1945-ci il martın 24-də Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Onun döyüş yolu və qəhrəmanlığı Azərbaycan xalqının hərb tarixində xüsusi yer tutur.

