İstanbulda fəaliyyət göstərən “Azərbaycan rüzgarı” qrupu Türk dünyasının birlik və bərabərliyini tərənnüm edən tanıtım videosu hazırlayıb.
AZƏRTAC xəbər verir ki, Türkiyədə geniş maraqla qarşılanan layihədə səslənən kompozisiyanın sözləri Azərbaycanın Silahlı Qüvvələrinin polkovniki, şair-dramaturq, publisist və Əməkdar incəsənət xadimi Abdullah Qurbaninin “Koroğlunun Ağdərəyə səfəri” dastanından götürülüb. Əsərin musiqisi isə Azərbaycan Kino Mərkəzinin rəhbəri Musazadə Kəmalə Muradlıya məxsusdur.
Tanıtım filmində Koroğlu obrazını Türkiyənin tanınmış kino və serial aktyoru Yücel Tok canlandırıb.
Bu barədə AZƏRTAC-a açıqlama verən Türkiyənin “TRT İstanbul” radiosunun “TRT Türkü” kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı, eyni zamanda, qrupun təsisçisi Səidə Ömər qrupun yaranması barədə danışıb.
O bildirib ki, “Azərbaycan rüzgarı” qrupu 2024-cü ildən etibarən İstanbulda fəaliyyət göstərir. Kollektiv əsasən Azərbaycan ədəbiyyatının və Azərbaycanın görkəmli ədiblərinin əsərlərini Azərbaycan musiqisi ilə sintez edən sənət əsərləri üzərində çalışır.
O qeyd edib ki, qrupda Azərbaycan milli musiqi alətləri ilə yanaşı, digər türk dövlətlərinə məxsus musiqi alətləri də yer alır.
“Layihənin əsas məqsədi Türk dünyasını musiqi, mədəniyyət və ortaq dəyərlər vasitəsilə bir araya gətirməkdir. Bu çərçivədə həyata keçirilən layihələrdən biri də “Koroğlu”dur və bu əsər Türk dünyasının birlik-bərabərliyi baxımından xüsusi əhəmiyyət daşıyır”,-deyə Səidə Ömər bildirib.
Qrupun bədii rəhbəri, Türkiyənin Qazi Universitetinin doktorantı, tarzən Pərviz Musayev isə açıqlamasında bildirib ki, “Azərbaycan rüzgarı”nın əsas və gələcək hədəfi türk dövlətləri və türkdilli xalqların musiqi irsini əhatə edən kompozisiyalar hazırlamaq, həmçinin Azərbaycanda və digər türk dövlətlərində konsert proqramları ilə çıxış etməkdir: “Qrup üzvləri xüsusilə Qarabağda və türk dövlətlərinin müxtəlif şəhərlərində səhnəyə çıxmaq istəklərini də ifadə edirlər.
Lakin, layihələrin və fəaliyyətlərin davamlı şəkildə həyata keçirilməsi üçün maliyyə dəstəyinə ehtiyac var. Hazırda “Azərbaycan rüzgarı” qrupunun ayaqda qala bilməsi üçün əlimizdən nə gəlirsə edirik. Öz təşəbbüs və imkanlarımız hesabına fəaliyyətimizi davam etdiririk. Fəaliyyətimizi təkmilləşdirmək üçün bizə dəstək olmaq istəyər hər kəsə, necə deyərlər, qapımız hər zaman açıqdır”.

