Bu1 gün Ədalət Muradovun doğum günüdür
"Tehsil365" xatırladır ki, bu gün, yanvarın 29-da, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, iqtisadçı və dövlət qulluqçusu Muradov Ədalət Cəlal oğlu doğum gününü qeyd edir.
Ədalət Muradov 1962-ci il yanvarın 29-da anadan olmuşdur. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş, 1980–1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçmişdir.
1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş və 1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildə tələbələr arasında keçirilən Ümumittifaq Olimpiadada "İqtisadiyyat və istehsalın təşkili üzrə" SSRİ-də 2-ci yerə layiq görülmüşdür.
1990-cı ildə Kiyev Dövlət Universitetinin əyani aspiranturasına daxil olmuş və 1993-cü ildə "Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1994-cü ildə "Profi – AD" LTD (Kiyev) şirkətinə rəhbərlik etmişdir.
1995-ci ildə Kiyev Dövlət Universitetində doktoranturaya daxil olmuş və 1998-ci ildə "Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
1995–1999-cu illərdə T. Şevçenko adına Kiyev Dövlət Universitetində "Makroiqtisadiyyat", "İqtisadi Siyasət", "Beynəlxalq İqtisadiyyat" və "Keçid İqtisadiyyatının Ümumi Nəzəriyyəsi" fənlərini tədris etmişdir.
1998–1999-cu illərdə "ИБ Австрия Секюритз (Украина)" İnvestisiya Bankında "Postsovet keçid iqtisadiyyatlarının tranformasiyasının təhlili" şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmış, "Makroiqtisadiyyat", "İqtisadiyyatın dövlət tənzimlənməsi", "Azərbaycanın iqtisadi siyasəti" fənlərini tədris etmişdir. 3 dərs vəsaiti, 3 monoqrafiya, 3 tədris proqramı və 60-dan artıq elmi məqalənin müəllifidir.
Almaniyada "Sosial bazar iqtisadiyyatı", Yaponiyada "Ümumdünya Ticarət Təşkilatına üzvlük", ABŞ-də "Qanun layihələrinin hazırlanmasında icraedici və qanunverici orqanların əməkdaşlığı", Hollandiyada "İnkişaf etməkdə olan ölkələrin ticarət danışıqçıları və inzibatçıları" proqramlarında iştirak etmiş, UNCTAD-ın eksperti kimi fəaliyyət göstərmişdir.
2002-ci ildən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində çalışmışdır. 2002–2007-ci illərdə həmin nazirliyin "Makroiqtisadi təhlil və proqnozlaşdırma" şöbəsinə, 2007–2009-cu illərdə "Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı" şöbəsinə, 2009–2014-cü illərdə isə "İqtisadi siyasət, təhlil və proqnozlaşdırma" şöbəsinə rəhbərlik etmişdir. İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının, eləcə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqçılar Qrupunun üzvü, Xidmətlər üzrə İşçi Qrupun rəhbəri olmuşdur. Dövlət qulluğunun müşaviridir.
2009-cu ildən etibarən "Bakıelektrikşəbəkə" ASC-nin Müşahidə Şurasının Sədri, Dövlət büdcəsinin xərcləri üzrə Komissiyanın üzvü, Əmanətlərin sığortalanması Fondu Himayədarlar Şurasının üzvü, Dövlət Statistika Komitəsinin Metodologiya Şurasının üzvü, 2011–2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 5 mart 2014-cü il tarixli Sərəncamı ilə Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilmişdir.
100-dən artıq beynəlxalq və yerli konfranslarda iştirak etmişdir. Onların sırasında Beynəlxalq Peterburq İqtisadi Forumu (2013), Dünya Bankının İkinci Yüksək Səviyyəli İqtisadi Siyasət Forumu (2012), İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin 3-cü Forumu (2012), "Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası" (2010), "Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasət: dünya təcrübəsi və Azərbaycan modeli" (2010), "Diversification through innovation: prospects for growth" (2010, Berlin), UNCTAD və UNESCAP proqramları və s. yer alır.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilmişdir.
Ədalət Muradov ingilis, ukrayna və rus dillərini bilir. Ailəlidir və iki övladı var.

