Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Milli Məclisin üzvü, professor Samir Vəliyevlə görüş keçirilib.
Bu barədə "Tehsil365"ə universitetdən məlumat verilib. Bildirilib ki, tədbirdə giriş nitqi ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov “Heydər Əliyev mühazirələri” layihəsi barədə məlumat verib, universitetdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin banisi və gənclərin ən böyük hamisi olub. Qeyd olunub ki, Ulu Öndərin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclərin dövlət qulluğunda fəal iştirakı, sosial-iqtisadi problemlərinin həlli istiqamətində mühüm dövlət proqramları icra olunur.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında vurğulayıb ki, ölkədə mövcud olan sabitlik və inkişafın, eləcə də Azərbaycanın qazandığı nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi xətti dayanır. O, gənclər üçün yaradılan geniş imkanların və müasir təhsil şəraitinin bu ideologiyanın uğurlu davamının göstəricisi olduğunu qeyd edib.
Milli Məclisin üzvü, professor Samir Vəliyev çıxışında bildirib ki, Azərbaycanda gənclərlə iş sahəsində mühüm tədbirlərin həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O xatırladıb ki, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ilə dövlətin gənclər siyasəti vahid mərkəzdən idarə olunmağa başlayıb, 1996-cı il fevralın 2-də isə Azərbaycan gənclərinin birinci forumu keçirilib və həmin tarix Azərbaycan Gəncləri Günü elan olunub. Deputat qeyd edib ki, hazırda Prezident İlham Əliyev tərəfindən dövlət gənclər siyasəti uğurla davam etdirilir, Gənclər Fondunun yaradılması və “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi gənclərin müxtəlif sahələrdə fəallığını artırıb.
Sonda qonaq tələbələrin suallarını cavablandırıb.

