Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında “Elektroenergetika mühəndisliyi” kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Validə Hacıyevanın Türkiyədə ingilis dilində nəşr olunmuş “Yarımkeçiricilərin elektron nəzəriyyəsinin əsasları” (“Fundamentals of the electron theory of semiconductors”) adlı kitabının təqdimatı keçirilib.
Bu barədə "Tehsil365"ə universitetdən məlumat verilib. Bildirilib ki, tədbiri giriş sözü ilə açan universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov kitabın elmi tədqiqatlar və ali təhsil müəssisələrində tədris prosesi baxımından əhəmiyyətindən bəhs edib. O, nəşrin müasir elmin tələblərinə cavab verdiyini və mühəndislik ixtisasları üzrə mütəxəssislərin hazırlanmasında faydalı mənbə olacağını bildirib.
Təqdimatda Memarlıq və mühəndislik fakültəsinin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor Cavanşir Zeynalov, “Elektroenergetika mühəndisliyi” kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Məftun Əliyev, “Elektroenergetika mühəndisliyi” kafedrasının baş müəllimi Sevinc Rzayeva və digər çıxışçılar “Yarımkeçiricilərin elektron nəzəriyyəsinin əsasları” kitabının yarımkeçiricilər fizikasının fundamental məsələlərinə həsr olunmuş elmi-nəzəri əsər olduğunu bildiriblər. Qeyd olunub ki, nəşrdə yarımkeçirici maddələrin elektrik keçiriciliyinin fiziki mahiyyəti, elektron proseslərin mexanizmi və kristal quruluşun rolu ardıcıl və sistemli şəkildə izah olunub.
Sonda çıxış edən müəllif Validə Hacıyeva elmi fəaliyyət üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.

