QS reytinq agentliyi 2026-cı il yanvarın 28-də Avropanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb.
Bu barədə "Tehsil365"ə universitetdən məlumat verilib. Bildirilib ki, “QS World University Rankings: Europe 2026” nəşrinə əsasən, Xəzər Universiteti Avropanın ən yaxşı ali təhsil müəssisələri sırasında 361-ci yerdə qərarlaşıb. Eyni zamanda universitet Qərbi Asiya regionu üzrə ali təhsil müəssisələri arasında 18-ci mövqeni tutub.
Bununla yanaşı, Xəzər Universiteti məqalələrə istinad göstəricisi üzrə Avropanın ən yaxşı 958 universiteti arasında 97-ci sırada yer alıb.
Qeyd olunub ki, reytinqdə Avropa Şurasına üzv olan 42 ölkədən ümumilikdə 958 ali təhsil müəssisəsi yer alıb. Siyahıda Azərbaycan 15 universitetlə təmsil olunub.
QS Avropa reytinqi ali təhsil müəssisələrinin qlobal təhsil məkanında tanınması, elmi-tədqiqat göstəriciləri, tədris resursları, beynəlmiləlləşmə səviyyəsi, məzunların məşğulluğu və digər əsas indikatorlar əsasında formalaşdırılır.

