Bu gün, 30 yanvar, Azərbaycan kinosunun tanınmış nümayəndəsi, görkəmli kinooperator Teyyub Mirzəhəsən oğlu Axundovun anadan olmasının ildönümüdür. O, 1920-ci il yanvarın 30-da Bakıda dünyaya gəlib.
“Təhsil365”in məlumatına görə, Teyyub Axundov kiçik yaşlarından fotoqrafiya və kinoya böyük maraq göstərib. Cəmi 14 yaşında Bakı kinostudiyasında fəaliyyətə başlayan Axundov Cəfər Cabbarlının eyniadlı əsəri əsasında çəkilən “Almaz” filmində operator assistenti kimi yaradıcı heyətə cəlb olunub və 1938-ci ilə qədər bu vəzifədə çalışıb.
1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Teyyub Axundov könüllü olaraq cəbhəyə yollanıb. Ukrayna cəbhəsində vuruşan kinooperator Stalinqrad, Kirovoqrad, Nikolayev, Kişinyov, Budapeşt və Praqa uğrunda döyüşlərdə iştirak edib, iki dəfə yaralanıb. O, Qələbə xəbərini Vyanada eşidib. Müharibə illərində döyüş bölgələrində çəkdiyi fotolar sonralar sənədli filmlərdə istifadə olunub və müharibənin canlı salnaməsi kimi tarixə düşüb.
1946-cı ildə ordudan tərxis olunan Axundov yenidən Bakı kinostudiyasına qayıdıb və elə həmin il Moskva Dövlət Kinematoqrafiya İnstitutuna ali kino təhsili almağa göndərilib. Burada tanınmış operatorlar Anatoli Qolovnya və Mark Magitsonun tələbəsi olub.
Təhsilini başa vurduqdan sonra Azərbaycan kinosunda məhsuldar yaradıcılıq fəaliyyəti göstərən Teyyub Axundov müxtəlif janrlı filmlərin çəkilişinə quruluşçu operator kimi dəvət alıb. Onun yaradıcılığına 25 sənədli, 17 bədii film və “Mozalan” kinojurnalının 8 buraxılışı daxildir.
O, “Doğma xalqıma” filminin operatorlarından biri kimi Azərbaycanın ilk rəngli bədii-sənədli filminin ərsəyə gəlməsində iştirak edib, “Görüş”, “Onu bağışlamaq olarmı?”, “Şərikli çörək”, “Tütək səsi”, “Sehrli xalat”, “Dağlarda döyüş” kimi filmlərdə operatorluq məharətini nümayiş etdirib və milli kinooperator məktəbinin formalaşmasında mühüm rol oynayıb.
Uzun illər Azərbaycan kinosuna xidmət göstərmiş Teyyub Axundov 1991-ci il dekabrın 3-də, 71 yaşında vəfat edib.

