Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan rayon (şəhər) təhsil müəssisələrində Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə əlaqədar təbliğat tədbirlərinin təşkili davam etdirilir. Tədbirlər Planının 57-ci bəndinə uyğun olaraq WUF13-ün Azərbaycanda keçirilməsinin əhəmiyyəti mövzusunda maarifləndirici fəaliyyətlər həyata keçirilir.
Bu barədə “Tehsil365”ə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, bu çərçivədə Biləsuvar rayonu Rüfət Mikayılov adına Bəydili kənd tam orta ümumtəhsil məktəbinin coğrafiya müəllimi Hümmətova Nigar tərəfindən rayonun digər coğrafiya müəllimləri üçün təlimlər təşkil olunub.
Təlimlərdə Ümumdünya Şəhərsalma Forumunun məqsədi, dayanıqlı şəhərsalma prinsipləri və WUF13-ün ölkəmiz üçün əhəmiyyəti barədə geniş məlumat verilib. Qeyd edilib ki, təlimlərdə iştirak edən müəllimlər əldə etdikləri bilik və təqdimat materiallarını sonradan şagirdlərə çatdıraraq mövzu ətrafında maarifləndirmə işləri aparıblar.
Keçirilən tədbirlərin əsas məqsədi şagirdlərdə şəhərsalma, dayanıqlı inkişaf və qlobal forumların əhəmiyyəti barədə biliklərin artırılmasıdır.

