Bakı Dövlət Universitetində (BDU) Özbəkistan Respublikasının Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin nümayəndə heyəti ilə görüş baş tutub.
“Tehsil365” xəbər verir ki, görüşdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin tədris işləri üzrə prorektoru Ravşan Rayimjanov və qeydiyyat ofisinin meneceri Axror Əhmədov iştirak ediblər.
Prorektor Əliş Ağamirzəyev qonaqlara BDU-nun tarixi, tədris sistemi və elmi-tədqiqat fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, universitet Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir, tələbə və müəllim mübadiləsi proqramları uğurla həyata keçirilir.
Görüş zamanı əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Jurnalistika fakültəsinin magistratura pilləsi üzrə “Radiotelejurnalistika” və “İctimaiyyətlə əlaqələr” ixtisaslaşmaları çərçivəsində ikili diplom proqramlarının yaradılması imkanları müzakirə olunub.
Sonda nümayəndə heyəti BDU-nun Heydər Əliyev Muzeyi, Genetika və təkamül muzeyi, eləcə də Faydalı qazıntılar muzeyi ilə tanış olub.

