Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Azərbaycan Respublikasında gənclər siyasəti: strateji baxış və perspektivlər” mövzusunda konfrans təşkil olunub.
Bu barədə “Tehsil365"ə DİA-dan məlumat verilib.
Bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxışında Azərbaycanda dövlət gənclər siyasətinin formalaşması və inkişaf mərhələlərindən danışıb, bu siyasətin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin dayandığını vurğulayıb. O qeyd edib ki, gənclər cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir və düzgün, vətənpərvər, peşəkar və məsuliyyətli vətəndaş yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Akademik Urxan Ələkbərov Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu, gənclərin dövlət idarəçiliyində, ictimai-siyasi həyatda fəal iştirakına geniş imkanlar yaradıldığını bildirib.
Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. O bildirib ki, müasir Azərbaycan gənclərinin formalaşmasında Heydər Əliyev siyasi irsi mühüm rol oynayır. Nazir müavini vurğulayıb ki, düzgün vətəndaş yetişdirmək, gəncləri milli-mənəvi dəyərlərə sadiq, savadlı və təşəbbüskar ruhda tərbiyə etmək dövlətin əsas məqsədlərindəndir. Fərhad Hacıyev Prezident İlham Əliyevin gənclər siyasətinin davamlı və sistemli xarakter daşıdığını, gənclərin ölkənin inkişafında aparıcı qüvvələrdən biri kimi çıxış etdiyini qeyd edib. F. Hacıyev həmçinin DİA məzunlarının “Yüksəliş” müsabiqəsində ən yüksək pillələrdə yer tutduğunu qeyd edərək, Akademiyanın ölkənin ən qabaqcıl ali təhsil müəssisələrindən biri olduğunu diqqətə çatdırıb.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxışında ölkədə gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və sistemli şəkildə uğurla aparıldığını bildirib. O vurğulayıb ki, gənclərin sosial, siyasi və intellektual inkişafı dövlət üçün strateji əhəmiyyət daşıyır və bu istiqamətdə qəbul edilən qərarlar ölkənin uzunmüddətli inkişaf hədəflərinə xidmət edir. Şahin İsmayılov qeyd edib ki, Dövlət İdarəçilik Akademiyasının tələbələri hər zaman ictimai və elmi fəallıqları ilə seçilir, Akademiya isə yalnız ali təhsil müəssisəsi deyil, eyni zamanda dövlət idarəçiliyi sahəsində mühüm beyin mərkəzi kimi fəaliyyət göstərir, məzunların böyük əksəriyyəti bu gün dövlət və özəl sektorda uğurlu idarəçi və peşəkar kadrlar kimi fəaliyyət göstərirlər.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə keçdiyi dinamik inkişaf yolundan, ölkənin sosial-iqtisadi və institusional baxımdan güclənməsindən bəhs edib. O qeyd edib ki, əldə olunan nailiyyətlərin qorunması və davamlı inkişafın təmin edilməsi bilikli, məsuliyyətli və milli maraqlara sadiq gənc nəslin yetişdirilməsindən birbaşa asılıdır. Deputat vurğulayıb ki, gənclərin innovativ düşüncə tərzi, təşəbbüskarlığı və müasir çağırışlara uyğun biliklərə yiyələnməsi dövlət siyasətinin əsas prioritetlərindəndir.
Azərbaycan Tələbə Gənclər Təşkilatının ( ATGT) sədri Rəşad Zeynalov çıxışında Prezident İlham Əliyevin gənclərə olan diqqəti və qayğısından danışıb. O bildirib ki, müasir dövrdə tələbələr yalnız təhsil alan deyil, eyni zamanda cəmiyyətin intellektual və sosial potensialını formalaşdıran əsas təbəqədir. Rəşad Zeynalov vurğulayıb ki, tələbə gənclərin təşəbbüskarlığının dəstəklənməsi, onların sosial layihələrə və könüllülük fəaliyyətinə cəlb olunması gənclər siyasətinin mühüm istiqamətlərindəndir.
Sonda Dövlət İdarəçilik Akademiyasının ictimai həyatında fəal iştirak edən tələbələrə təşəkkürnamələr təqdim olunub.

