Yanvarın 30-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral – Gənclər Gününə həsr olunmuş “Azərbaycan gəncliyinin milli ideoloji inkişaf modeli: reallıqlar və perspektivlər” adlı tədbir keçirilib.
Bu barədə ”Tehsil365"ə institutdan məlumat verilib.
Bildirilib ki, AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 1997-ci ildən etibarən 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd olunduğunu, bu günün, ümumiyyətlə ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Ulu Öndər gənc nəslin inkişafına davamlı qayğı göstərdiyini söyləyən akademik G.Baxşəliyeva qeyd edib ki, dahi lider ölkənin inkişafını birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı və gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltmişdi.
Dövlətin gənclər siyasətinin bu gün Ümummilli Liderin layiqli davamçısı, ölkə rəhbəri İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qaldırıldığını deyən akademik ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin nəticəsində bu gün vətənpərvər, milli-mənəvi dəyərlərə, sadiq gəncliyin formalaşdırıldığını vurğulayıb.
Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü müasir dövrdə Azərbaycan gənclərinin ictimai, mədəni və siyasi proseslərdə rolundan danışaraq, dövlətimizin gənclərə xüsusi qayğısını qeyd edib. Şərqşünaslıq İnstitutunun gənc alimlərinin elmi potensialını yüksək qiymətləndirən R.Cümşüdlü onların institutun ictimai həyatında da fəal olduqlarını bildirdi.
Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev gənclər siyasətinin dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi olduğunu deyərək, bun gün Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində kifayət qədər fəal olduqlarını, ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verdiyini, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasında yaxından iştirak etdiyini bildirib. Azərbaycanın gənc alimlərinin elmi inkişaf perspektivlərini yüksək dəyərləndirən E.Mustafayev, Şərqşünaslıq İnstitutunun gənc alimlərinin öz elmi uğurları ilə xüsusi seçildiyini vurğulayıb.
Tədbirdə bir qrup gənc alimə Şərqşünaslıq İnstitutunun Fəxri fərmanları təqdim edilib. Fəxri fərmanları institutun direktoru akademik Gövhər Baxşəliyeva və elmi işlər üzrə direktor müavini Ruhəngiz Cümşüdlü təqdim ediblər.
Sonda elmi işçi Nərminə Mustafayeva təltif edilənlər adından gənc alimlərə yüksək dəyər verdiyinə görə institut rəhbərliyinə təşəkkürünü bildirib.

