Bu gün Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti Ələsgər Ələkbərovun anım günüdür.
"Tehsil365" xatırladır ki, Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Ələkbərov klubunda fəaliyyət göstərən dram dərnəyinə qatılıb. 1927–1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Daha sonra Bakı Türk İşçi Teatrında çalışmağa başlayıb və burada Hacı Baxşəli (“Ölülər”), ikinci bələdiyyə (“Hücum”) kimi yaddaqalan obrazlar yaradıb.
Teatrda çalışdığı illərdə aktrisa Hökumə Qurbanova ilə ailə həyatı qurub. Bu nikahdan Nailə adlı qızları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürüldükdə gənc ailə də Gəncəyə köçsə də, bir müddət sonra ailə dağılıb.
Hökumə Qurbanovadan ayrıldıqdan sonra rus milliyyətindən olan bir xanımla ailə həyatı qurub. Ələsgər Ələkbərov bir müddət Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən etibarən isə Akademik Dram Teatrında fəaliyyət göstərməyə başlayıb.
Sənətkar teatr səhnəsində Maktuf (“Maqbet”), şah Zeyir (“Şahnamə”), Aydın (“Aydın”), Heydər bəy (“1905-ci ildə”), Fərhad (“Fərhad və Şirin”) və onlarla digər obraz yaradıb. Xüsusilə Vaqif (“Vaqif”) və Otello (“Otello”) rolları onun yaradıcılığının zirvəsi hesab olunur.
Ələsgər Ələkbərov kino sahəsində də uğurlu fəaliyyət göstərib. O, Dovjenko adına Kiyev kinostudiyasında çəkilmiş “Varislər” filmində don Aqilla rolunu canlandırıb (1960). Azərbaycan kinosunda isə Rüstəm kişi (“Böyük dayaq”), Fətəli xan (“Fətəli xan”) obrazları ilə yanaşı, “Lətif”, “Almaz”, “Kəndlilər”, “Leyli və Məcnun”, “Uzaq sahillərdə” filmlərində də rol alıb.
Görkəmli aktyor 1961-ci ildə SSRİ Xalq artisti fəxri adına layiq görülüb. 31 yanvar 1963-cü ildə vəfat edən Ələsgər Ələkbərov Fəxri xiyabanda dəfn olunub.

