“3 nömrəli uşaq-gənclər inkişaf mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitrtinin fəxri professoru Lütfi Zadənin 105 illik yubileyinə həsr olunmuş “Elmə həsr olunmuş ömür” adlı xatirə gecəsi keçirilib.
Bu barədə ”Tehsil365"ə mərkəzdən məlumat verilib.
Tədbirin əvvəlində mərkəzin “Robototexnika” dərnəyinin istedadlı üzvlərinin hazırladığı modellər və gənc rəssamların elmi ixtiralarla bağlı rəsm işləri sərgilənib.
Sonra Lütfi Zadənin həyat və elmi fəaliyyətinə dair videoçarx nümayiş olunub, mərkəzin “Gənc tədqiqatçılar” dərnəyinin üzvləri çıxış ediblər. Görkəmli alimin nəzəriyyələri əsasında gənc aktyorların hazırladıqları “Yalnız ağ-qara” və “Paltaryuyan maşınların dialoqu” adlı səhnəciklər, gənc gimnastların kompozisiyası, rəqs dərnəyinin üzvlərinin “Ağıllı robotlar” rəqsi tədbirə xüsusi rəng qatıb.
Dünyaşöhrətli alimin oğlu, informatika sahəsi üzrə riyaziyyatçı-alim, professor Norman Zadə tədbirə onlayn qoşulub.
Texnika elmləri doktoru, professor, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının vitse-prezidenti, Lütfi Zadə ailəsinin ən yaxın dostu Şahnaz Şahbazova alim haqqında xatirələrini bölüşüb və onun nəzəriyyəsi üzrə elmi təcrübə nümayiş etdirib.
Tədbir gənc nəslin elmə, təhsilə olan marağını artırmaq, Lütfi Zadənin həyatı və elmi fəaliyyəti barədə məlumatlarını genişləndirmək, ona dünya şöhrəti gətirən nəzəriyyələri, elmi nailiyyətləri, kəşfləri barədə bilikləri artırmaq, böyük alimin zəngin irsini və qeyri-səlis məntiq nəzəriyyəsini təbliğ etmək məqsədi daşıyır.

