Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda “Azərbaycan Milli Hidrogen Strategiyasının və onun tətbiqi planının hazırlanması” layihəsi çərçivəsində "DNV Energy Systems Germany GmbH" şirkətinin nümayəndəsi ilə görüş keçirilib.
Bu barədə “Tehsil365"ə institutdan bildirilib. Qeyd olunub ki, layihənin 1-ci mərhələsi çərçivəsində Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) texniki dəstəyi ilə cəlb edilmiş məsləhətçi şirkət tərəfindən hazırlanaraq COP29 konfransı zamanı təqdim edilib. Layihənin 2-ci mərhələsinin icrasına başlanması məqsədilə AYİB tərəfindən keçirilmiş müsabiqənin qalibi "DNV Energy Systems Germany GmbH" şirkətinin nümayəndəsi İlka Levinqton ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Muştaqov və Kimya İnstitutunun Nanoelektrokimya və hidrogen enerjisi laboratoriyasının müdiri professor Akif Əliyev, dosent Leyla Məşədiyeva və Vüsalə Məcidzadə arasında görüş keçirilib.
Görüşdə Azərbaycanda yaşıl enerjiyə keçidin mövcud vəziyyəti haqqında diskussiya və qiymətləndirilmə aparılıb. Problemin çatışmayan tərəflərinə dəstək məqsədilə Qərbi Avropa ölkələrinin bu sahədə çalışan mütəxəssisləri ilə birgə işlərin qurulmasının vacibliyi vurğulanıb. Qonaqlar professor Akif Əliyevə bu sahədə laboratoriyaya bacardıqları qədər dəstək göstərməyə çalışacaqlarını bildiriblər.
Sonda qonaqlar Kimya İnstitutunun Nanoelektrokimya və hidrogen enerjisi laboratoriyası ilə tanış olublar.

