Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin üzvü, tədqiqatçı Reyhan Mənəfovanın “Bəxtiyar Vahabzadənin sovet dövrü yaradıcılığında mətnaltı semantika” monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Cəmiyyətdən “Tehsil365"ə bildirilib ki, tədbirdə tanınmış alim və ziyalılar, ali məktəb müəllimləri, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.
Tədbiri açan Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov monoqrafiyanın aktual elmi mövzuya həsr olunduğunu, Bəxtiyar Vahabzadə irsinin yeni elmi baxış bucağından araşdırılmasının əhəmiyyətini qeyd edib.
Təqdimat zamanı monoqrafiyanın elmi əhəmiyyətindən, Bəxtiyar Vahabzadə yaradıcılığının sovet ideoloji mühitində mətnaltı mənalar baxımından təhlilindən və əsərin Azərbaycan ədəbiyyatşünaslığına verdiyi töhfələrdən bəhs olunub.
Qeyd edilib ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Hacıyev, rəyçisi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov, “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Fərhad Mədətovdur.
Çıxış edənlər müəllifin apardığı araşdırmaları yüksək qiymətləndirərək monoqrafiyanın həm elmi ictimaiyyət, həm də gənc tədqiqatçılar üçün dəyərli mənbə olduğunu vurğulayıblar.
Daha sonra Reyhan Mənəfova iştirakçıların suallarını cavablandırıb.

